QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunun ailəsindən reportaj

İlahə Şahkərimova :"Cəbhədə olan bütün əsgərlər mənim Vüsalımdırlar və hər biri üçün dua edirəm. İnanırıq ki, Vüsal da daxil əsgər balalarımız yaxın günlərdə bizi qələbə xəbəri ilə sevindirəcəklər".
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. İki gündür bütün sosial şəbəkələrdə hər kəsin profillərini bəzəyən topçu, qəhrəmanımız Vüsal Şahkərimovun necə bir ailədə doğulub-böyüdüyü yəqin ki, hər kəsi maraqlandırır. Sputnik Azərbaycan da belə cəsur övlad yetişdirən ailə ilə tanış olmaq və Vüsal barədə daha dolğun məlumat əldə etmək məqsədilə Xaçmaz rayonuna yollanıb.

Məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunun ailəsindən reportaj

Əslən Qubanın Cimi kəndindən olan ailə hazırda Xaçmazın Qusarçay kəndində yaşayır. Qəhrəmanımızın atası İslam bəy söhbətimiz əsnasında bildirdi ki, videonu gördüyü andan bəri telefonları susmur. Sanki evlərində bayram havası var:

"Yoldaşım televizora baxırdı. Qəflətən qışqırıb çağırdı ki, "gəlin, Vüsalı göstərirlər". Mən əvvəl inanmadım. Televizorun önünə çatanda video qurtarmışdı. Həyəcanla yenidən videonun verilməsini gözlədik. 4-5 dəqiqədən sonra yenidən videoyazını efirə verdilər və biz göz yaşları, böyük qürur hissi ilə onu izlədik. Ondan sonra Vüsalın videosunu görən dost-tanışlar, qohum-əqrəba zəng edib təbrik eyməyə başladılar. Sanki evimizdə toy bayram idi".
Məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunun ailəsindən reportaj

İslam bəy Vüsalın duruşunun təsadüfi olmadığını, balaca vaxtından vətənə, hərbiyə sevgi dolu olduğunu deyir: "Vüsal balaca vaxtından tərbiyəsi, savadı və vətənpərvərliyi ilə yaşıdlarından seçilirdi. Müharibə başlayan gündən nə vaxt zəng edibsə "ata, hər şey əladır, az qalıb bütün torpaqları alıb sizləri sevindirəcəyik" deyir. Onun bu sözləri necə qürur hissi ilə dediyini kaş eşidərdiniz".

Atası ermənilərin sosial şəbəkələrdə Vüsalı öz əsgərləri kimi qələmə verməsinə də münasibət bildirib:

Məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunun ailəsindən reportaj
"Mənə xəbər çatdı ki, sosial şəbəkələrdə ermənilər Vüsalın fotosunu paylaşıb öz əsgərləri kimi qələmə veriblər. İlk eşidəndə çox əsəbləşdim. Amma özləri də yaxşı bilirlər ki, onların əsgərlərini zorla cəbhəyə aparırlar. Axı belə qəhrəman duruş duracaq oğul onlarda yoxdur və olmayacaq da. Biz ailəlikcə oğlumuzla və eyni zamanda bütün əsgərlərimizlə fəxr edirik".

Qəhrəmanımızın anası İlahə Şahkərimova ilə söhbətimiz zamanı onun səsində hədsiz sevinc və qürur hissini müşhaidə etdik. Ana oğlundan ağız dolusu danışır, onun haqqında hər şeyi demək istəyirdi. Oğlunu televizorda gördüyü an keçirdiyi hissləri bizimlə bölüşür:

Məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunun ailəsindən reportaj

"Müharibə başlayandan demək olar ki, əlim işə getmir. Ancaq televiziyanın qarşısında oturub xəbərləri izləyirik. Həmin gün oturub Ali Baş Komandan İham Əliyevdən xəbər gözəyirdim. Birdən Vüsalı gördüm. Həmin an qeyri-ixtiyari qışqırıb divandan yerə atlandım. Başladım var gücümlə evdəkiləri çağırmağa. Əvvəl yoldaşım, sonra isə qızlarım gəldi. Videoya yenidən baxdıq. Sevincdən göz yaşlarımızı saxlaya bilmirdik. İnanın, durmadan təkrar-təkrar o videonu fəxrlə izləyirik".

Anası deyir ki, Vüsalın bu videosu həm də Azərbaycanda yaşayan azsaylı xalqların bu vətənə, torpağa nə qədər bağlı olmasının, heç kimin bizim aramıza nifaq sala bilməyəcəyinin bariz nümunədir:

"Bir tat balasının bu duruşunun hər kəsə bir nümunə olacağını düşünürəm. Cəbhədə olan bütün əsgərlər mənim Vüsalımdırlar və hər biri üçün dua edirəm. İnanırıq ki, Vüsal da daxil əsgər balalarımız yaxın günlərdə bizi qələbə xəbəri ilə sevindirəcəklər. Biz bu torpağın bir vətəndaşı olduğumuz üçün fəxr edirik".
Məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunun ailəsindən reportaj

Oğlunun ad soyadının və şəkillərinin sosial şəbəkələrdə yayılmasından narahatçılıq keçirən İlahə ana Müdafiə Nazirliyinə müraciət edərək Vüsalın təhlükəsizliyini təmin etmələrini xahiş edir.

Onu da qeyd edək ki, Vüsal evin tək oğul övladıdır və özündən başqa 2 bacısı var.