SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hulusi Akardan qürur duyulacaq nitq: "Azərbaycan dostumuz deyil, qardaşımızdır" - VİDEO

"Ermənistan işğal etdiyi torpaqlardan çəkilməyincə hər-hansı bir fəaliyyətin mümkün olmadığını artıq hər kəsin bilməsi lazımdır"
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını qurtarmaq üçün mübarizə aparan Azərbaycanı Türkiyənin dostu deyil, qardaşı adlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə türk nazir Milli Müdafiə Universitetinin 2020/2021 tədris ilinin açılışındakı nitqində bildirib.

Qarabağ məsələsinin həllində Minsk qrupunun töhfə verə bilmədiyini deyən Akar Ermənistanın işğal etdiyi torpaqlardan çəkilmək əvəzinə, işğal ərazisini genişləndirməyə çalışdığını, bu səbəbdən Azərbaycanın səbrinin daşaraq əks-həmlə əməliyyatı apardığını diqqətə çatdırıb.

O, Azərbaycanın hazırda ərazilərin böyük qismini işğaldan azad etdiyini vurğulayıb. Ermənistan işğal etdiyi torpaqlardan çıxmayınca Azərbaycanın onunla sülh və atəşkəs imzalamayacağını deyib: 

“Ermənistan işğal etdiyi torpaqlardan çəkilməyincə hər-hansı bir fəaliyyətin mümkün olmadığını artıq hər kəsin bilməsi lazımdır. Azərbaycan Silahlı Qüvvələri son dərəcə bilgili, şüurlu, hər cür hüquqa, məntiqə, ədalətə uyğun şəkildə hərəkət edir. Məsum insanlara qarşı Azərbaycan hərbçiləri heç bir hücum etmir, çox təmiz əməliyyat aparırlar. Ermənistan isə bütün dünyanın gözü önündə yaşayış məntəqələrinə, şəhərlərə, kəndlərə, qəsəbələrə atəş açaraq oradakı məsum insanları öldürməkdə davam edir. Yüzdən çox azərbaycanlı dinc əhali evində, yatdığı yerdə qətlə yetirilib”. 

Hulusi Akar eləcə də Ermənistanın başda PKK-çılar olmaqla daim terrorçulara yardım etdiyini, terrorçularla muzdlu əsgərləri Ermənistana gətirərək Azərbaycana qarşı müharibədə onlardan istifadə etdiyini bildirib. Müdafiə naziri bununla bağlı olaraq Türkiyənin Ermənistandan bu muzdluları və PKK-çıları həmin ərazilərdən, Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarmasını tələb edib. Akar Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bunun daim davam etdiriləcəyini vurğulayıb.