Düz 27 il bundan öncə, 1993-cü ilin oktyabrın 27-də Vəli Qocayev ailəsini və kənd sakinlərini Qaz 53 maşınında Araz çayından keçirdərək Bakıya çatdırıb və o gündən bəri, öz doğma Zəngilan rayonunun Xəştab kəndini yalnız öz xəyallarında təsəvvür edib.
Vəli Qocayev o günləri hələ də unutmadığını deyib.
“Geridə bircə insanın qalmasına razı deyildim. Kimi görürdüm, maşını saxlayırdım və maşına yığırdım”, - deyə Vəli baba xatırlayıb.
Həmin gündən o, yenidən vətəninə geri dönəcəyi günü gözləyib. Buna görə də ən yaxın həmdəmi hesab etdiyi həmin maşına göz bəbəyi kimi baxıb, çünki onun ən böyük arzusu bütün ailəsi ilə birgə yenidən o maşında doğma kəndinə qayıtmaqdır. Zəngilanın azad edilməsi xəbərini eşidəndə isə, onun sevincinin həddi-hüdudu olmayıb.
Xəştab kəndinə çatan kimi isə onun ilk görəcəyi iş yenidən bağını becərib, yeni ağaclar əkmək olacaq, çünki Vəli Qocayev bütün ömrü boyu zəhmət çəkərək, torpaqda işləyərək yaşayıb.