CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan pravoslavları hərbçilərimizə sovqat göndərdilər

"Və belə qərar verdik ki, biz də öz köməyimizi edək və yaralı əsgərlərimizə bişirdiyimiz şirniyyatlardan aparaq".
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Azərbaycanda müharibə başlayandan ölkəmizdə dinindən, dilindən asılı olmayaraq hamı bir yumruq kimi birləşib. Hər kəs Vətənimizin bütövlüyü uğrunda döyüşən Ordumuza dəstəyini bir cür ifadə edir. Azərbaycanda yaşayan azsaylı xalqlar da bu prosesdən kənarda qalmırlar. Azərbaycanın pravoslav xristianları, şəhərin mərkəzindəki Mixail-Arxangel kilsəsi də hərbçilərimizə öz dəstəyini ifadə edən addım atıb. Belə ki, kilsənin əməkdaşları şirniyyatlar bişirərək hərbçilərimizə sovqat göndəriblər.

Azərbaycan pravoslavları hərbçilərimizə sovqat göndərdilər

Bu barədə Sputnik Azərbaycan-a bu təşəbbüsü irəli sürən pravoslav məbəd rahibi Protoiyerey Mefodiy məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 27-də müharibə başlayandan sonra hamı kimi o da əsgərlərimizə yardım edilməsi barədə düşünüb:

"Bu Vətən bizim hamımızındır. Biz yaxşı bilirik ki, onlar bizim torpaqlarımızın işğaldan azad edilməsi üçün mübarizə aparır. Belə gündə biz də istədik ki, hərbçilərimizə dəstəyimizi ifadə edək. Çünki, bu gün onların yanında olmasaq da ürəyimiz ordumuzla, əsgərlərimizlədir. "Facebook" sosial şəbəkəsində yaxın dostum "Azeri Home Chef" qrupunun rəhbəri Fəxrəndə Həsənzadə ilə söhbət zamanı onun hərbi hissələrdə əsgərlərimizə yardım etdiyini öyrəndim. Biz də belə qərar verdik ki, yaralı əsgərlərimizə bişirdiyimiz şirniyyatlardan aparaq".

Və beləcə kilsə əməkdaşları müxtəlif şirniyyatlar bişirərək, Fəxrəndə Həsənzadəyə təhvil verir. O isə hazırlanan yardımları ünvanlara çatdırır.

Rahibin sözlərinə görə, bu yardım davamlı olacaq. Belə ki, bir dəfə şorqoğalı, bir dəfə alma tartalet, bir dəfə pirojki və vatruşka bişirilərək, hərbçilərmizə göndərilib: "Əsgərlərimizin yanına gedən uşaqlarla söhbət edirik, bir-birimizin fikirlərini öyrənib nə bişirəcəyimizi müzakirə edirik. Düşünürəm ki, bu yardım davamlı olacaq".

Azərbaycan pravoslavları hərbçilərimizə sovqat göndərdilər

O, həmçinin əlavə edib ki, Bakı şəhər "Jen-Mironosits" kafedral kilsənin və "Rojdestva Boqoroditsı" kilsəsinin din xadimləri də qoşularaq cəbhədə döyüşən əsgərlərimizə dəstək olublar. Belə ki, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrın göstərişi ilə Bakı və Azərbaycan Yeparxiyası Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım fonduna isə 10 000 manat pul köçürüb. Bütün bunlar Azərbaycanda dinindən, inancından asılı olmayaraq hər kəsin ürəyinin ordumuzla birgə döyündüyünün bariz ifadəsidir.