CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orfoqrafiya Normalarında dəyişiklik olunub

Azərbaycan hökumətinin müvafiq qərarı ilə "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nda dəyişiklik olub.
Sputnik

BAKI, 3 noyabr - Sputnik. Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər edib. Sputnik Azərbaycan dəyişikliklərdən bəzilərini nəzərinizə çatdırır:

1) Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər (apellyasiya, attestasiya və akkreditasiya sözləri istisnadır) bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.

2) Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres və s.

3) Dövlət rəmzlərinin, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Azərbaycan Respublikasının Dövlət Himni, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

4) Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözü böyük hərflə yazılır: “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mineral suyu və s.

5) tam ixtisarlar (akronimlər) və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis – MM və s.;

6) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və ya kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Dövlət Nəşriyyatı - Azərnəşr və s.

7) İxtisarlara (akronimlərə) əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, MDB-nin, UNESCO-nun, ISESCO-da, BDU-ya və s.