İQTİSADİYYAT

Ödəniş kartları ilə fırıldaqçılıq halları müzakirə edilib

Əhalinin maliyyə sahəsində maarifləndirilməsinə, müxtəlif təşkilat və qurumların əməkdaşlarının maliyyə sahəsində bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsini davam etdirəcək.
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Mərkəzi Bank tərəfindən "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" adlı hədəfinin və "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar orta ixtisas təhsili və ali təhsil müəssisələrində maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərin icrası davam etdirilir.

Bu tədbirlərin davamı olaraq 22-29 oktyabr 2020-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan İlahiyyat İnstitutunun və Bakı Qida Sənayesi Kollecinin tələbə və müəllimləri üçün "Rəqəmsal ödənişlərin üstünlükləri" və "Sığorta" mövzularında təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 55 müəllim, 250 nəfərdən çox tələbə iştirak edib.

Bu barədə Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib.

Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş təlimlərdə pandemiya dövründə nağdsız ödənişlərin üstünlükləri, ödəniş kartları və kartlarla əməliyyatlar, ödəniş kartları ilə fırıldaqçılıq halları, milli ödəniş sistemləri, ani ödənişlər sistemi, elektron bankçılıq, sığorta, sığortanın növləri, sığorta müqaviləsi, sığorta şəhadətnaməsi, sığorta haqqı, sığorta məbləği, sığorta ödənişi və azadolma məbləği kimi mövzular ətrafında müzakirələr aparılıb, praktiki misallarla mövzular izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əhalinin maliyyə sahəsində maarifləndirilməsinə, müxtəlif təşkilat və qurumların əməkdaşlarının maliyyə sahəsində bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsini davam etdirəcək.