İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 2 noyabr — Sputnik. Sputnik Azərbaycan işğal altında olan ərazilərdə tarixi abidələrlə bağlı məqalələri davam etdirir.
"Qarabağ ərazisində ilk şəhər mədəniyyətini özündə əks etdirən nadir abidələrdən biri Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə yaşayış yeridir. Qarabağın qədim sakinlərinin öz dövrünə görə böyük bir mədəniyyətə, hərtərəfli təsərrüfat sahəsinə malik olduqlarını və ideoloji cəhətdən bir növ formalaşdıqlarını elmi cəhətdən izləməyə imkan verməklə o, Azərbaycan və eləcə də bütün Cənubi Qafqazda ən zəngin abidələrdən biri hesab edilir".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov danışıb.
Onun sözlərinə görə, işğal altında olan tarixi-arxeoloji abidələrdən biri də Füzuli rayonunun mərkəzinə yaxın Köndələnçay sahilində yerləşən unikal Qaraköpəktəpə abidəsidir. Bu abidə haqqında görkəmli Azərbaycan alimi və mütəfəkkiri Abbasqulu ağa Bakıxanov özünün məşhur "Gülüstani-İrəm" əsərində bəhs edib.
Onun sözlərinə görə, Mis dövründə Qaraköpəktəpə əlverişli təsərrüfat-məişət şəraitinə görə oturaq əkinçi tayfalarının məskəninə çevrilib. Bunu abidədə tapılmış bu tarixi dövr üçün səciyyəvi olan çoxlu sayda keramik əşyalar və əmək alətləri də təsdiq edir.
Qaraköpəktəpədə Azərbaycan arxeoloqlarının 30 il ərzində apardıqları tədqiqatlar Ermənistanın Qarabağı işğal etməsi ilə dayandırılıb.
"XIX əsrdə aşkar edilən, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı – Son Tunc və İlk Dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar - Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var", - deyə tarixçi bildirib.
K.İsmayılovun sözlərinə görə, işğal olunmuş ərazilərdə erməni varvarları Azərbaycanın maddi mədəniyyət nümunələrini dağıtmaqla, onların tarixini saxtalaşdırmaqla kifayətlənməyərək bu ərazilərdəki tarixi abidələri "yenidən öyrənmək" bəhanəsi ilə guya "arxeoloji tədqiqatlar" aparmağa cəhd göstərirlər.
"Ona görə də ermənilərin işğal altındakı Azərbaycan torpaqlarında aparmaq istədikləri "qazıntıların" məqsədi heç də hər hansı elmi həqiqəti üzə çıxarmaq deyil, əksinə, mövcud elmi həqiqətləri ört-basdır etməkdən, ermənilərin bu torpaqlarda bineyi-qədimdən yaşadıqlarını "sübut etməkdən" ibarətdir", - deyə o əlavə edib.
Ekspert vurğulayır ki, bu məqsədlə artıq 20 ildən çoxdur ki, Ermənistan hökumətinin və diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən erməni psevdoalimləri dəridən-qabıqdan çıxır, əsəsən etnik ermənilərdən ibarət olan xarici arxeoloqlardan ibarət ekspedisiyalar təşkil edərək işğal olunmuş ərazilərdəki tarixi abidələrdə (Azıx, Tağlar mağaralarında, Qaraköpək təpə, Uzundərə kurqanlarında və başqa yerlərdə) genişmiqyaslı qazıntılar aparırlar. Bəzi erməni müəllifləri Qarabağda ibtidai insan məskənlərinin materialları haqqında əsassız və savadsız məqalələrlə çıxış edir, bəyanatlar verirlər: "Məsələn, Suren Osepyan guya Azıx mağarasında 150 min yaşı olan gil səhəng tapıldığını iddia edir. Həqiqətdə isə, Azıxda heç vaxt gil səhəng tapılmamışdır, çünki bu tip qablar ancaq Neolit dövründə, e.ə IX minillikdən hazırlanmağa başlanmışdır.
Ermənilərin başqa bir iddiasına görə, guya 1968-ci ildə Azıx mağarasında tapılmış qadın çənəsinin 50-100 min il yaşı var. Halbuki, Azərbaycan alimləri hələ o vaxt onun 350-400 min yaşı olduğunu sübut ediblər və bu versiya beynəlxalq elmi ictimaiyyət tərəfindən çoxdan qəbul edilib.
Erməni müəlliflərin Azıx mağarasında heyvan qalıqlarının yaşı ilə bağlı iddiaları da heç bir elmi tənqidə dözmür. Onların bəzi fikirləri isə lap gülməlidir. Məsələn, Ş.Mkrtıçyan özünün 1988-сi ildə Yerevanda nəşr edilmiş "Архитектурные и исторические памятники Нагорного Карабаха" adlı kitabında Azıx mağarasında Aşel mədəni təbəqəsinə aid erməni qadının statuetkasının tapıldığını, həmin qadının paltarının guya müasir erməni qadının kostyumuna oxşadığını yazır".
K.İsmayılov qeyd edir ki, Qarabağ zonasında 2000-dən artıq müxtəlif tarixi və mədəni abidə qeydə alınıb. Onların əksəriyyəti İslam memarlıq mədəniyyətinin nümunələridir. Bunlar arasında dini abidələr, ibadət yerləri, məqbərələr üstünlük təşkil etsə də, yaşayış evləri ictimai binalar da az deyil.