CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Manat üçün "təhlükəsizlik yastığı": xərcləsək də, son nəticədə qazanacağıq

"Azərbaycan işğaldan azad etdiyi ərazilərində sürətlə bərpa işlərinə başlayır. Bu bərpa işləri tikinti sektorunu yenidən Azərbaycan iqtisadiyyatının lokomotivinə çevirə bilər"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. "Post-pandemiya və post-müharibə dövründə Azərbaycanda iqtisadiyyata yanaşma tamamilə fərqlənəcək və daha liberal iqtisadi siyasət həyata keçiriləcək. Bu gün mövcud imkanlar, resursların düzgün idarə edilməsi büdcə gəlirlərinin təmin edilməsi, manatın məzənnəsinin qorunub saxlanması və iqtisadi inkişaf tempinin bərpa edilməsi baxımından kifayət qədər normal hesab edilə bilər".

Ərazilərin işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Bunu "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad HəsənovSputnik Azərbaycan-a xarici şokların iqtisadiyyatımıza təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, manatın məzənnəsi ilə bağlı şokların əhəmiyyətli hissəsi artıq neytrallaşdırılıb: "Təkcə Mərkəzi Bankın valyuta ehtiyatları yarana biləcək hər hansı riskləri aradan qaldırmaq üçün kifayət edə bilər. Ümumiyyətlə, valyuta ehtiyatları iqtisadiyyatın risklərdən qorunması üçün təhlükəsizlik yastığı rolunu oynayır. Düşünürəm ki, Azərbaycan tarixində heç vaxt bugünkü qədər müqəddəs məqsəd olmayacaq ki, bu strateji valyuta ehtiyatlarının istifadəsinə imkan yaradılsın. Bu baxımdan ehtiyatların xərclənməsi həyata keçirilə bilər. Bu xərcləmələr özü də məcmu tələbi və eyni zamanda bazarda valyuta təklifini dəstəkləməklə son nəticədə riskləri minimuma endirə, azalda, aradan qaldıra bilər".

Onun sözlərinə görə, güman ki, müharibə çox qısa müddətli olacaq: "Növbəti 1 ayda böyük ehtimal ilə proses 90 faiz bitəcək. Azərbaycan işğaldan azad etdiyi ərazilərində sürətlə bərpa işlərinə başlayır. Bu bərpa işləri tikinti sektorunu yenidən Azərbaycan iqtisadiyyatının lokomotivinə çevirə bilər. Çünki 2015-ci ildən sonra bu sektorda axsamalar müşahidə olunur. Amma bərpa işləri bu istiqamətdə əlavə tələb formalaşdıracaq. Tikinti sektoru digər sahələrdə də məcmu tələbi dəstəkləməklə həm məşğulluğa, həm də ümumi daxili məhsul istehsalına müsbət təsir göstərə bilər".

"Eyni zamanda işğal faktının aradan qalxması nəticəsində ölkənin daha əlverişli investisiya coğrafiyasına çevrilməsi imkanları da bu istiqamətdə əlavə yardımlara şərait yaradacaq. Düzgün strategiya müəyyən edilsə, son nəticədə xarici şokların yaratdığı fəsadları ən qısa müddətə aradan qaldırmaq mümkün olacaq", - deyə iqtisadçı əlavə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə Sputnik Azərbaycan-a deyib ki, pandemiya qlobal və milli iqtisadiyyatlara təsir göstərir: "Azərbaycana da pandemiya təsirsiz ötüşmədi. Biz Azərbaycan iqtisadiyyatında artıq 7-ci ayın yekunlarından etibarən ümumi daxili məhsulda (ÜDM) azalmalar müşahidə etdik. Bu da birbaşa pandemiyanın təsirləri ilə bağlı idi. Amma bütövlükdə ötən müddətdə Azərbaycanda ÜDM-də azalma tempi 4 faiz ətrafında dəyişib. Güman olunur ki, illik azalma tempi 3,5 faiz olacaq".

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək

"ÜDM-də azalma olsa da amma bu, həm region, həm də digər qlobal orta göstərici ilə müqayisədə məqbul hesab olunur. Çünki inkişaf etmiş ölkələrdə ikirəqəmli azalma tempi var, hətta bəzi ölkələrdə rüblük azalmalar 24 faizə belə çatırdı. Ona görə də bu kontekstdən məqbul hesab edilə bilər", - deyə deputat bildirib.

Onun sözlərinə görə, pandemiyanın iqtisadiyyata təsirləri davam edir: "Karantin tədbirlərinin avqustdan etibarən yumşaldılmasına baxmayaraq yenə də bunun turizm sektoruna, o cümlədən ictimai iaşə sektoruna təsirləri var. Aprel-may ayları və eləcə də iyul ayı ilə müqayisədə bu təsirlər xeyli dərəcədə minimuma endirilib. İl ərzində də pandemiya Azərbaycan iqtisadiyyatına təsir edəcək. Amma 2021-ci ildə ölkə iqtisadiyyatında beynəlxalq maliyyə qurumları tərəfindən 2,9 faiz artımın olacağı proqnozlaşdırılır".

"Bu da ondan xəbər verir ki, mövcud maliyyə sənədinə və eyni zamanda gələn il üçün nəzərdə tutulan proqnozlara əsaslansaq, artıq biz 2021-ci ildə pandemiyanın təsirlərini xeyli dərəcədə azaltmış olacağıq və hətta iqtisadi artıma nail ola biləcəyik", - deyə deputat əlavə edib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu ilin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklarla üz-üzə gəldik: "Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı OPEC+ sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminologiya ilə desək, milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir".

"Lakin vaxtında görülən tədbirlər, atılan addımlar bu gün imkan verir ki, Azərbaycan bu şokları minimallaşdırsın. Bu gün bizim iqtisadiyyatımız özünü normal hiss edir və biz tam olaraq makroiqtisadi sabitliyi qoruya bilmişik. İllik inflyasiya 3%-dən aşağıdır, milli valyutamız başqa ölkələrin valyutalarından fərqli olaraq sabitliyini qoruyub saxlaya bildi. ÜDM-nin baza sahələrində həm sənayə, həm də kənd təsərrüfatına əhəmiyyətli artıma nail olduq. Biz makroiqtisadi sabitliyi saxlamaqla və iş yerlərini qorumaqla, bütövlükdə gələn il iqtisadi artımı bərpa etmək və sürətləndirmək üçün yaxşı bir platsdarm saxlamışıq", - o qeyd edib.