QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Ermənistan Müdafiə Nazirliyi orduda qorxunu aradan qaldırmaq üçün yalan deyir

Azərbaycan Ordusunun ön xətt bölmələri erməni təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür
Sputnik

BAKI, 2 noyabr - Sputnik. Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
"Buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib", - deyə məlumatda bildirilir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

İndiyədək ordumuz Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda 200-dən artıq yaşayış məntəqəsini erməni işğalından azad edib.