CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Astagəl” kompüterləri sürətləndirməyin yolları

Brauzerdə açılan səhifələrin sayını azaltmaq vacibdir. Çünki xeyli sayda saytın eyni zamanda istifadəsi kompüterin istehsal gücünə mənfi təsir edir
Sputnik

BAKI, 2 noyabr – Sputnik. Business Insider “ləng” kompüterləri sürətləndirməyin yeddi üsulunu açıqlayıb.

Müəllif qeyd edir ki, kompüterinin sürətinin azalması ilk növbədə proqram təminatının işi ilə əlaqədardır. Qurğunun işini sürətləndirmək üçün öncə əməliyyat sistemi qoşularkən avtomatik olaraq işə düşən tətbiqlərin sayını azaltmaq lazımdır. Bunun üçün avtomatik işədüşmə siyahısını yoxlayaraq prosessorun gücündən və ya operativ yaddaşdan daha çox istifadə edən tətbiqləri oradan çıxarmaq gərəkdir. 

İkinci üsul brauzerdə açılan səhifələrin sayını azaltmaqdır. Çünki xeyli sayda saytın eyni zamanda istifadəsi kompüterin istehsal gücünə mənfi təsir edir.

Həmçinin kompüterdə müntəzəm olaraq viruslar və digər zərərli proqramların təftişini aparmaq gərəkdir. Bunun üçün antivirus proqramında tənzimlənən avtomatik skanlaşdırma funksiyasından istifadə etmək olar.

Kompüterin müntəzəm olaraq təkrar işə salınması (restart) da məsləhət görülür, yəni ən azı, həftədə bir dəfə. 

Beşinci üsul kimi məqalə müəllifi SSD yaddaş qurğusunun quraşdırılmasını göstərir. Bu qurğu saniyələr ərzində kompüterin işə düşməsinə, eləcə də eyni zamanda bir neçə proqramdan istifadəyə imkan verir. 

Daha bir üsul Windows 10 əməliyyat sistemindəki ReadyBoost funksiyasının işə salınmasıdır. O, USB qurğusundan əlavə operativ yaddaş kimi istifadə etməyə imkan yaradır. 

Sonuncu üsul isə Microsoft şirkətinin OneDrive bulud yaddaş “anbar”ından istifadəni dayandırmaqdır. Bildirilir ki, məlumatların saxlanması xidmətinin daim sinxronlaşdırılması sistemin işini ləngidir.