İzmir zəlzələsi: 51 insanın ölümünə üzülərkən 33-cü saatda bir möcüzə gördülər

İzmirdə çökmüş çoxmərtəbəli evlərdən birinin dağıntıları arasından 33 saat sonra bir nəfər sağ çıxarılıb
Sputnik

BAKI, 1 noyabr - Sputnik. Türkiyənin Egey sahillərində, İzmirdə baş verən zəlzələdə həlak olanların sayı 51-ə çatıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib. Son məlumatlara görə, 896 nəfər xəsarət alıb. Səkkiz binanın dağıntıları arasında xilasetmə işləri aparılır.

Türkiyənin NTV telekanalının məlumatına görə, İzmirdə çökmüş çoxmərtəbəli evlərdən birinin dağıntıları arasından 33 saat sonra bir nəfər sağ çıxarılıb. 70 yaşı olduğu deyilən Ahmet Çitim xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub. Güclü təkanların ardından 812 afterşok qeydə alınıb, bunlardan 40-nın maqnitudası 4 baldan bir qədər yüksək olub.