CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tətildən sonra onlayn təhsildə nə dəyişəcək? Nazir vəd verir, ekspertlər isə...

"Onlayn təhsilin keyfiyyətli olması ona görə mümkün olmayacaq ki, buna rəvac verən bir sıra problemlər hələ də öz həllini tapmayıb"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda noyabrın 2-dən etibarən tədris distant üsulla davam etdiriləcək. Təhsil naziri Emin Əmrullayev də keçirdiyi brifinqdə ölkəmizdə hərbi vəziyyəti və koronavirusa yoluxma sayını nəzərə alaraq ən optimal variantın dərslərin onlayn davam etdirilməsi olduğunu bildirib. Nazir tətil müddətində bunun üçün hazırlıq işləri görüldüyünü və onlayn təhsil platfomaların işləməsi üçün testlərin aparıldığını bəyan etsə də hələ də cəmiyyətdə bu məsələyə inamsızlıq var. Çünki indiyədək onlayn təhsillə bağlı hazırlanan platformalar o qədər də ümidləri doğrultmadı.

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

Sputnik Azərbaycan tətildən sonra Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlərin nə dərəcədə effektiv olacağını araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazir tətildən sonra görülən işlər nəticəsində onlayn təhsilin keyfiyyətinin artacağını vəd etsə də, bu o qədər də inandırıcı deyil: "Onlayn təhsilin keyfiyyətli olması ona görə mümkün olmayacaq ki, buna rəvac verən bir sıra problemlər hələ də öz həllini tapmayıb. Bu gün həm təhsilverənlər, həmçinin də təhsilalanlar arasında müvafiq texniki alətlərə, internetə əlçatanlıq tam təmin olunmayıb. Heç şübhəsiz ki, kompüteri, interneti olmayan müəllimlərin heç də hamısı onlayn dərsi keçməyəcək. Çünki onların çoxunun kompüteri və internetə çıxışı yoxdur. Rayonlarda bu problem daha ciddidir. İkinci məqam isə müəllimlərin sui-istifadə hallarına yol vermə ehtimalıdır. Bu gün onlayn dərs keçən müəllimdən hesabat tələb olunmur. Bundan əlavə, müəllimlərin 37 faizinin yaş həddi 60-ın üzərindədir. Onların çoxunun İKT bacarıqları yoxdur. Yəni bu müəllimlər arasında kompüterdən istifadə edə bilməyənlər az deyil. Bütün bunlarla yanaşı, ölkəmizdə internetin sürəti aşağı, qiyməti isə bahadır".

K.Əsədov deyir ki, nazirin onlayn təhsil platformalarına girişin VPN-siz olmasını əsas gətirməsi çıxış yolu deyil:

"Bu platformalara indi də VPN-siz daxil olmaq mümkündür. Problem həmin platformanın istifadə dilini Azərbaycan dilinə tərcümə etmək də deyil. Məsələ ondan ibarətdir ki, bu gün ölkəmizdə onlayn təhsilə keçid üçün illərlə görülməli olan işlərin heç biri həyata keçirilməyib. Bu səbəbdən də bütün valideynlər boğazlarından kəsib uşaqlarını repetitorların yanına qoyurlar".

Ekspert deyir ki, bu gün virusa yoluxma riski böyük olan ən təhlükəli yerlər kurslar, repetitor hazırlıqlarıdır: "Heç bir müəllim öz maddi mənfəətindən keçib özünü həftədə bir dəfə testdən keçirməyəcək. Bu isə məktəb bağlı olsa da repetitor hazırlıqlarında uşaqların virusa yoluxmasını sürətləndirəcək".

Onlayn təhsil platformaları VPN-siz işləyəcək - Nazir

K.Əsədov onlayn platformaların bu gün bəzi fənləri keyfiyyətli tədris etməyə imkan vermədiyini söyləyir. Onun sözlərinə görə, heç bir məllimin evində kimya, fizika fənlərini tədris etmək üçün laboratoriya yoxdur: "Üstəlik, dərsliklərdə yazılanları müəllimlərin izahı olmadan şagirdin anlaması çox çətindir. Kitablar elə dildə yazılıb ki, onu şagird oxumaqla başa düşə bilməyəcək. Bütün bunlara rəğmən nazirlik buraxılış imtahanlarının keçiriləcəyini söyləyir. Halbuki, bu gün Azərbaycan təhsilinin heç bir uğurunun arxasında Təhsil Nazirliyi, məktəblərin verdiyi təhsil dayanmır. Nazir şagirdlərə planşet paylanmasının onlayn təhsilə əlçatanlığı təmin etməyəcəyi fikrindədir. Amma artıq Türkiyə pandemiyadan əvvəl 70 min şagirdinə planşet verib. Azərbaycanın Təhsil Nazirliyi isə hələ də yumşaq mebel almaq üçün tenderlər keçirir".

Qeyd edək ki, "Virtual Məktəb" şagirdlərin ən çox yararlandığı platforma olsa da, hələ də burada qeydiyyatdan keçə bilməyən, onlayn təhsil ala bilməyən şagirdlər var. Şagirdlərin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bəzən "Virtual Məktəb"də siniflər qarışır. Şagirdlər müəllimlərini tapa bilmirlər. Bu isə dərsin keçirilməsinə mane olur.

Təhsil Nazirliyi: Noyabrın 2-dən dərslər distant formada davam etdiriləcək>>

Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Virtual məktəb"lə bağlı bir sıra çətinliklər həll olunub: "Bu platformadan istifadə bəzən şagird və müəllimlərin dil biliyi ilə bağlı olurdu. Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər. Həmçinin təhsilalan və təhsilverən olmayan vətəndaş "Teams" proqramından qeydiyyatdan keçə bilməyəcək".

Fidan Nəcəfova deyir ki, onlayn sistemdə siniflərin qarışması, müəllimlərin görünməməsi isə direktorların İKT biliklərinin az olması ilə bağlıdır:

"Respublika üzrə qeydiyyatdan keçmiş direktorlar səhifələrində öz məktəblərinin bütün siniflərini görə bilirlər. Bu, yeni tədris ilində yenilikdir ki, direktor 1-ci sinifdən tutmuş yuxarı siniflərə qədər istədiyi dərsə daxil olub baxa və davamiyyətini yoxlaya bilər. Bu yenilik əsasında direktorlar öz profillərində dərs dedikləri bütün sinifləri görürlər".

O ki qaldı "Virtual Məktəb"də dərslərə müəllimlərin necə daxil olmasına, Nəcəfova bildirir ki, direktorlarda cədvəl var və o cədvəl üzrə müəllimlər həmin qruplara daxil edilməlidirlər: "Əgər hər-hansı müəllimin profilində sinif görülmürsə, deməli, direktor müəllimi əlavə etməyib. Bakı məktəblərində həddən çox sinif olur ki, direktor siniflərə müəllimləri əlavə etməyə vaxt çatdırmır. Bu zaman bu işi müavinlər də edə bilərlər".

F.Nəcəfova bu problemlərin aradan qaldırılması üçün vebinarlar keçirildiyini söyləyib.

Xatırladaq ki, oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərar qəbul edilib. Qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.