CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB cəbhəyanı ərazilərdə yeni layihəyə başlayır

Dünyanı bürüyən pandemiya və müharibə şəraitində yeni doğulan körpələrin və anaların sağlamlığı bizim üçün prioritetdir
Sputnik

BAKI, 31 oktyabr - Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) cəbhəyanı bölgələrdə yeni layihəyə start verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qurum cəbhə boyu bölgələrdə yerləşən riskli hamiləlik ilə qeydə alınan şəxslər üçün "Sağlam doğuş" layihəsini həyata keçirəcək.

"Bu gün TƏBİB-in tabeliyində olan tibb müəssisələri COVID-19 pandemiyası ilə mübarizə aparmaqla bərabər, ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəmancasına döyüşərək yaralanmış əsgərlərimizə də yüksək keyfiyyətli tibbi xidmət göstərir. Mövcud vəziyyətdə diqqət ayıracağımız ən mühüm sahələrdən biri də antenatal xidmətdir. Dünyanı bürüyən pandemiya və müharibə şəraitində yeni doğulan körpələrin və anaların sağlamlığı bizim üçün prioritetdir", - deyə TƏBİB-in məlumatında bildirilir.
Layihə çərçivəsində cəbhəboyu ərazilərdə yaşayan, hamiləliyinin 38-ci həftəsində olan və riskli hamiləlik keçirən qadınlara müvafiq tibb müəssisələrində xidmətlərin göstərilməsi (riskli hamilələrin tibb müəssisəsində doğuşa qədər və 2 həftə doğuşdan sonra nəzarət altında saxlanılması), hamilələr üçün təlimlərin təşkili, ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi, yenidoğulmuşa qulluq, analara psixoloji dəstəyin göstərilməsi nəzərdə tutulur.
“Sağlam doğuş” layihəsində iştirak etmək üçün cəbhəyanı rayonlarda yaşayan, riskli hamiləliyi olan şəxslərin TƏBİB-ə müraciət etməsi xahiş olunur. Qaynar xətt nömrəsi 1542-dir.