QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ombudsman dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edib

İşğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərilməsinə çağırılıb
Sputnik

 

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara videomüraciət edib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığı, beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasını, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasını, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq normalarını kobud şəkildə pozması qeyd olunub, milli, mənəvi, dini terroru həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərilməsinə çağırılıb.