BAKI, 30 oktyabr - Sputnik. Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.
Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.
Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.
Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. İnsanlar panikaya düşərək küçələrə çıxıblar.
Anadolu agentliyinin məlumatına görə, dağıntılar altında üç nəfər yaralı çıxarılıb.