Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər Qarabağ savaşında "dəstək" məqsədli postlarını sosial şəbəkədəki səhifələrindən siliblər. Sputnik Azərbaycan banker.az-a istinadla xəbər verir ki, bu şirkətlər Azərbaycanda "fast-food" (ayaqüstü yemək) şəbəkəsini quran "McDonald's", "Burger King" və "Papa John's" şirkətləridir. Hər üçü lokal ab-havaya bürünsə də, sonradan bundan imtina ediblər. Bu isə Azərbaycanda geniş kütlə tərəfindən etirazla qarşılanıb. Hətta bəzi hallarda "boykot" həştəqləri ilə də bu şirkətlərə məxsus məhsullarını almaqdan imtinaya səsləyiblər. İddia edilir ki, mərkəzdən françayzinq qaydalarını "pozduğu" iddiası ilə yerli şəbəkə (Azərbaycandakı) postları silməyə məcbur edilib.
Məsələ ilə bağlı hüquqşünas Elyar HəsənovSputnik Azərbaycan-a deyib ki, françayzinq müqaviləsi bağlanarkən tərəflər arasında brenddən, addan istifadənin şərtləri müəyyən edilir: "Burada qanunvericiliyin tələblərinə zidd olmayan istənilən şərtlər qoyula bilər. Xüsusilə də françayzinq müqavilələrində brendin adından istifadə etməyə icazə verən tərəf, yəni ana şirkət daha geniş imkan və hüquqlara malik olur. Və ana şirkət müqavilədə brenddən istifadənin qaydaları ilə bağlı müəyyən şərtlər müəyyən edə bilər. Təbii ki, bu müqavilə və onun şərtləri kommersiya sirridir. İndi ola bilər, ana şirkət buradakı subyektdən tələb edib ki, bu postları silsin".
O bildirib ki, bu, əslində hüquqi məsələ deyil, mənəvi-əxlaqi məsələdir:
"Yerli subyekt iqtisadi riski gözə alaraq postun silinməsi tələbini yerinə yetirməkdən imtina da edə bilərdi. Lakin nə o postun paylaşılmasında, nə də o postun silinməsində hüquq pozuntusu yoxdur. Orada əgər Azərbaycanın ərazi bütövlüyünü rədd edən hər-hansı bir şüar səsləndirilsəydi, bəlkə də hüquq pozuntusu olardı. Bu şirkətlərə məxsus məhsulları almaqdan imtina çağırışlarında da qanunsuz bir şey yoxdur".
İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, iri şirkətlərin müxtəlif məsələlərə qarışmaması, qarışanda da haqlı mövqe tutması ilə bağlı cəmiyyətin, dövlətin onlara təpki göstərməsi, etiraz etməsi lazımdır: "Amma boykot məsələsini dəstəkləmirəm. Çünki bunlar beynəlxalq şəbəkələr olsa da, Azərbaycanda fəaliyyət göstərirlər və yüzlərlə Azərbaycan vətəndaşı orada çalışır. Onlar bir çox hallarda xammalı (tərəvəz, meyvə, süd məhsulları) Azərbaycan fermerlərindən alırlar. Yəni bu baxımdan boykotun ziyanını və xeyrini hesablamaq lazımdır. Boykot ilə bağlı çağırışları doğru saymıram. Çünki bu, Azərbaycan vətəndaşlarına ziyan vura biləcək bir addımdır. Ancaq bu məsələyə etiraz bildirilməlidir".
"İctimai qınaq olmalıdır və bunu normal hesab edirəm. Lakin sırf boykot məsələsini doğru hesab etmirəm. Bu addım həm də xarici investorlar üçün mənfi mesaj ola bilər. Çünki Azərbaycan işğal edilmiş torpaqlarını azad etdikdən sonra ən böyük işimiz quruculuq işləri olacaq. Çoxlu sayda xarici investorların buraya cəlb olunmasına ehtiyac yaranacaq", - deyə o qeyd edib.
Ekspert bildirib ki, ümumiyyətlə bu şirkətlər bu barədə açıqlama verməyə də bilərdilər: "Amma əgər açıqlama veriblərsə, bunun arxasında durmağı bacarmalı idilər. Lakin bunun beynəlxalq şəbəkə olduğunu da nəzərə almaq lazımdır. Çox güman ki, yerli nümayəndəliyə mərkəzi idarəetmədən ciddi təpkilər olub və ola bilər, bunun nəticəsində o postlar silinib. Təbii ki, bunlar ictimai qınağa səbəb oldu, bu, anlaşılandır, belə də olmalıdır. Ümumilikdə götürəndə biz emosional qərarlar verməməliyik".