İsmayıllıda qəhrəman yolu gözləyən Bağdagül xanım: "Sizin iki ananız var - Vətən və mən"

"Bu xəbəri eşidəndə sevindiyimdən ağladım. Bizim oğlumuzun qəhrəmanlığı ilə bağlı video hazırlandığından xəbərimiz yox idi. Kəndimizin uşaqları bu videonu Nazirliyin saytında görüb kiçik oğlum Azərin telefonuna göndərmişdilər"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Müharibə başlayandan Azərbaycanın bütün bölgələri kimi İsmayıllı rayonu da Ordumuza dəstəyi ilə seçilir. Azsaylı xalqların dinc şəraitdə yaşadığı İsmayıllı rayon sakinləri döyüşlərdə könüllü iştirakı, qəhrəmanlıqları ilə də fərqlənməyi bacarırlar.

Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin 19 canlı qüvvəsini məhv edən, İsmayıllının Quşencə kəndindən könüllü olaraq Orduya xidmətə gedən Bəşirov Araz Adil oğlunun qəhrəmanlığını əks etdirən videoçarx hazırlayıb. Videoçarxda bildirilir ki, baş çavuş Bəşirov Araz Adil oğlu torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə verilən tapşırıqları layiqincə yerinə yetirərək Ermənistan ordusunun 19 canlı qüvvəsini snayper tüfəngi ilə məhv edib.

Sputnik Azərbaycan qəhrəman əsgərimizin valideynlərinin təəssüratını öyrənib. Araz Bəşirovun anası, Quşencə kənd sakini Bağdagül Bəşirova Sputnik Azərbaycan-a açıqlamasında oğlu ilə nəinki özünün, bütün İsmayıllı camaatının fəxr etdiyini söyləyib: "Bu xəbəri eşidəndə sevindiyimdən ağladım. Bizim oğlumuzun qəhrəmanlığı ilə bağlı video hazırlandığından xəbərimiz yox idi. Kəndimizin uşaqları bu videonu Nazirliyin saytında görüb kiçik oğlum Azərin telefonuna göndərmişdilər. Arzum budur ki, bütün əsgərlərimiz mənim oğlum kimi qəhrəmanlıq göstərərək, baş ucalığı ilə evlərinə qayıtsınlar". 

B.Bəşirova ilə söhbət əsnasında öyrənirik ki, üç övladı var. Qəhrəmanlığı ilə tarix yazan Araz isə evin böyük uşağıdır:

"Üç övladım var. İkisi oğlan, biri qız. Araz müharibə başlayandan Orduya könüllü yazılıb. Sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayıb. Oğlum Araz həmin gün könüllü qeydiyyatdan keçib. Sentyabrın 30-da isə döyüşə yollanıb. Onun könüllü orduya yazıldığını eşidəndə fəxr hissi keçirdim. Mənə dedi ki, indi Vətənə onun kimi sərrast atmağı bacaran əsgər lazımdır. Elə əsgərlikdə də snayper olub. Bir ana kimi bu gün başım ucadır. Bizim oğullarımız Orduya getməsələr, kim qoruyacaq bu torpaqları?"

Qəhrəman anası deyir ki, Arazın dekabrın 1-də 25 yaşı tamam olacaq. Övladlarını vətənpərvər ruhda tərbiyə edən Bağdagül ana deyir ki, hələ övladları körpə ikən onlara iki analarının olduğunu başa salıb: "Deyirdim ki, sizin iki ananız var. Vətən və mən. O biri oğlum da hərbi xidməti başa vuraraq evə dönüb. O da Orduya getmək üçün can atır".

Arazın qəhrəmanlığı qohum-əqrabanın da sevincinə səbəb olub. B.Bəşirova hamının onlara gözaydınlığı verdiyini söyləyir.

Arazın atası Adil Bəşirov da sevincindən evə-eşiyə sığışmır: "Oğlum torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərir. Belə oğulun atası, sizcə, necə olar? Oğlum nəinki mənim, bütün İsmayıllının başını uca edir. Allah bütün əsgərlərimizi qorusun".

B.Bəşirova oğlu Arazla üç gündür ki, danışmadığını desə də, Ordumuzun qələbə xəbərlərinin onu ovutduğunu söyləyir: "Araz telefonla çox qısa danışır. Hər şeyin yaxşı olduğunu, Ordumuzun ancaq irəli getdiyini söyləyir".

Bağdagül Bəşirova deyir ki, kənd camaatı Arazın gəlişini səbirsizliklə gözləyir: "Kəndimiz Arazın qəhrəmanlığı ilə fəxr edir. Kənd camaatı deyir ki, torpaqlarımızı azad edib zəfər qazanandan sonra Arazın gəlişini toy kimi qarşılayacaqlar. Bir ana üçün bu sözləri eşitməyin nə qədər qürurverici olduğunu isə sözlə ifadə etmək mümkün deyil. Bu hissi övladı döyüşdə olan bütün analara arzu edirəm!"