CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşçi heyətin və müştərilərin maskadan istifadəsinə nəzarət edilməməsi halları aşkarlanıb

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib.
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.

AQTA-dan Sputnik Azərbayan-a verilən məlumata görə, agentlik tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 26 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.