QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN əsir düşmüş ermənilərlə bağlı məlumat yayıb

XİN: Azərbaycan tərəfinin bu humanitar addımının həyata keçirilməsində Rusiya Federasiyasının Müdafiə Nazirliyi müstəsna rol oynayıb.
Sputnik

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib. Bir gün öncəsində isə döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.

İlham Əliyev: Erməni tərəfi cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsindən imtina edib

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı XİN-in Mətbuat Xidməti idarəsi yayıb.

Məlumatda bildirilir ki, AR Prezidentinin tapşırığı ilə və humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada atılan bu addımlar, Azərbaycanın xoş niyyətinin, eləcə də beynəlxalq humanitar hüquq və insani dəyərlərə verdiyi dəyərin göstəricisidir.

Öz növbəsində Ermənistan tərəfi, erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib.

XİN vurğulayıb ki, Ermənistanın bu günədək 3 dəfə elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq cəsədlərin, eləcə də hər iki tərəfdə saxlanılan şəxslərin mübadiləsinə əngəl törətməsinə baxmayaraq, Azərbaycan birtərəfli qaydada humanitar addımı reallaşdırıb.

"Azərbaycan tərəfinin bu humanitar addımının həyata keçirilməsində Rusiya Federasiyasının Müdafiə Nazirliyi müstəsna rol oynayıb. Humanizm prinsipləri hər zaman olduğu kimi, bundan sonra tərəfimizdən əsas götürüləcək", - deyə məlumatda bildirilir.