QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzuli, Xocavənd və Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Sputnik

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.