QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlı məmura Ordumuzdan bahalı doğum günü hədiyyəsi

"Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla torpaqlarımızı işğalda azad edən ordumuza buna görə sonsuz təşəkkürlərimi bildirirəm. Torpaqlarımızın işğaldan azad edilməsi bizim yenidən doğuluşumuzdur" - Anar Cəbyarıllı.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Düz 27 il idi ki, işğalda olan torpaqlarda doğulan məcburi köçkünlər öz doğum günlərini dünyaya göz açdıqları torpaqda qeyd etməkdən məhrum olmuşdular. Müzəffər ordumuzun zəfərləri sayəsində işğal altında olan torpaqlarımızın bir hissəsi artıq işğaldan azad olunub. Bu gün ölkəmizdə xeyli sayda insan var ki, onlar doğum günlərini artıq məcburi köçkün kimi qeyd etmirlər.

Onlardan biri də tanınmış jurnalist, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllıdır. İşğalda olan rayonun adını özünə təxəllüs seçməklə 27 ildir ki, ovunan Anar Cəbrayıllı bu gün doğum gününü fərqli qeyd edir.

Cəbrayıl rayonun Balyand kəndində dünyaya göz açan Anar Cəbrayıllı doğum günü təəssüratını Sputnik Azərbaycan-a bölüşüb. O, bildirib ki, doğulduğu Cəbrayıl rayonunun, Balyand kəndinin işğaldan azad edilməsi sayəsində bu il ona ünvanlanan doğum günü təbrikləri də fərqli olub:

"Hər il məni dost-tanışlar təbrik edərkən növbəti doğum gününü Balyandda keçirməyi arzu edirdilər. Artıq doğma Cəbrayıl rayonu, ata-baba yurdum Balyand işğaldan azad edilib. Bu il buna görə mənə ünvanlanan təbrik lər də fərqli oldu. İndi mən bir arzu ilə yaşayıram. Dünyaya göz açdığım torpağa ayaq basmaq, öz ata ocağımı bərpa etmək. Hətta bərpa edilməsə belə mən arzu edirəm ki, 2021-ci ilin bu günündə doğum günümü Balyandda, öz ata ocağımızda qeyd edim. Bu, illərdir ki, torpaq həsrəti ilə qovrulan insanların ən böyük arzusudur".

Anar Cəbrayıllı bu böyük sevinci ona və bütün Azərbaycan xalqına yaşatdığı üçün Prezidentə və Ordumuza təşəkkür etməyi də unutmayıb:

"Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla torpaqlarımızı işğaldan azad edən ordumuza buna görə sonsuz təşəkkürlərimi bildirirəm. Torpaqlarımızın işğaldan azad edilməsi bizim yenidən doğuluşumuzdur. Cəbrayıl rayonunun, Balyandın işğaldan azad edilməsi mənim üçün ən böyük hədiyyə oldu. Bu gün Bərdə hadisələrinə görə, döyüşlərdə şəhid olmuş Vətən oğullarına görə doğum günümü qeyd etmirəm. Biz yalnız bütün torpaqlarımız işğaldan azad edildikdən sonra doğum günümüzü bayram kimi qeyd edə bilərik. Qələbə günü isə uzaqda deyil!"