Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

Ermənistan tərəfi Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.
Sputnik

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan tərəfi Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.