RUSİYA

Sovet aviasiyasının əfsanəsi bu gün sonuncu sərnişinlərini daşıdı

Şirkətin baş direktoru Andrey Qulovun sözlərinə görə, təyyarənin uçuşa yararlılıq sertifikatının müddəti artıq başa çatır. Tu-154 istifadədən çıxarıldıqdan sonra təyyarə gələcək taleyi ilə bağlı qərar verilənə qədər Novosibirskin Tolmaçevo Hava Limanında qalacaq.
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Rusiya mülki aviasiyasında qalan yeganə Tu-154 təyyarəsi bu gün son uçuşunu həyata keçirib.

"Alrosa" şirkətinə məxsus təyyarənin uçuş heyəti Tu-154-ün sonuncu sərnişinlərini Rusiyanın Yakutya bölgəsinin Mirnı şəhərindən Novosibirskə aparıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 140 sərnişin olub.

Şirkətin baş direktoru Andrey Qulovun sözlərinə görə, təyyarənin uçuşa yararlılıq sertifikatının müddəti artıq başa çatır. Tu-154 istifadədən çıxarıldıqdan sonra təyyarə gələcək taleyi ilə bağlı qərar verilənə qədər Novosibirskin Tolmaçevo Hava Limanında qalacaq.

Qeyd edək ki, əvvəllər Tu-154 təyyarələri Mirninski aviaşirkətinə məxsus olub, 2013-cü ildən isə "Alrosa" şirkətinin sərəncamına keçib.

"Alrosa" şirkətindən bildirilib ki, son 18 ildə Tu-154 təyyarəsi 27,5 min saat uçuş həyata keçirib. "Bu laynerlər "Alrosa" hava yollarının sərəncamına veriləndən sonra isə Tu-154M hər iki istiqamətdə 737 uçuş həyata keçirib, 160 mindən çox sərnişin, 1224 ton yük və 52 ton poçt daşıyıb", – deyə şirkətin rəsmisi bildirib.

Qeyd edək ki, "Alrosa" son illər Tu -154 M və Tu-134 təyyarələri ilə müntəzəm hava xidmətləri göstərən yeganə şirkətdir. Tu-134 son uçuşunu keçən may ayında yerinə yetirib və bundan sonra təyyarə Tolmaçevo Aviasiya Tarixi Muzeyinə verilib.

Xatırladaq ki, Tu-154 təyyarələri Tupolyov konstruksiya bürosunda işlənib-hazırlanmışdı. Bu təyyarə ilə ilk sınaq uçuşu 3 oktyabr 1968-ci ildə həyata keçirilsə də, Tu-154-lərin kütləvi şəkildə istismarına 9 fevral 1972-ci ildə başlanılıb. Tu-154 – Sovet İttifaqında ən geniş yayılmış orta mənzilli reaktiv sərnişin təyyarəsi idi.