QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dünya mediası Dağlıq Qarabağ münaqişəsini necə işıqlandırıb

Bu barədə aparılmış xüsusi araşdırmanın nəticələrinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olsa da, bu ölkənin KİV-ləri açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir.
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. "LexisNexis" şirkəti RİA Novosti üçün Dağlıq Qarabağdakı vəziyyətin mediada işıqlandırılmasının öyrənilməsinə dair araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ mediasında balanslı şəkildə işıqlandırılıb, fransız qəzetləri isə ermənipərəst mövqe nümayiş etdirib.

Analitiklər 20 sentyabr - 20 oktyabr tarixləri arasında Qarabağdakı münaqişə ilə bağlı dünya mediasında yer alan xəbərləri araşdırıblar. Məlum olub ki, münaqişə haqqında ən çox Rusiya KİV-ləri yazıb. Bu ölkənin mediasında son bir ayda konfliktlə bağlı 82 mindən çox xəbər yer alıb. Sonrakı yerləri ABŞ (təxminən 27 min), Böyük Britaniya (təxminən 15 min), Almaniya (təxminən 12 900) və Fransa (təxminən 6 min) tutur. Bu siyahıda altıncı yer isə Türkiyəyə məxsusdur (2,2 mindən bir qədər çox).

Araşdırmanın nəticələrinə görə, Dağlıq Qarabağ münaqişəsinə ən az maraq göstərən Qazaxıstan olub. Bu ölkənin mediası bir ay ərzində Qarabağla bağlı cəmi 145 xəbərə yer verib.

Dünya mediası Dağlıq Qarabağ münaqişəsini necə işıqlandırıb

Tədqiqat müəllifləri bu nəticəyə gəliblər ki, Rusiya KİV-ləri Qarabağdakı münaqişə tərəflərinə qarşı balanslı yanaşma nümayiş etdirir. Eyni zamanda, onların fikrincə, Kreml hələ də Qarabağ ətrafında çoxdan bəri mövcud olan problemi həll etməyə çalışmır, əksinə, münaqişənin dondurulmuş vəziyyəti Moskvanın bölgədəki maraqlarına cavab verir.

O da qeyd olunur ki, Rusiyada dərc olunmuş xəbərlərin əksəriyyəti (91%) bitərəf xarakter daşıyıb.

Rusiya və Fransa kimi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ mediasında isə Dağlıq Qarabağ münaqişəsi Prezident seçkisi, pandemiya, Sudan və İsrail ətrafındakı vəziyyətlə bağlı xəbərlərin fonundan prioritet mövzu təsiri bağışlamayıb.

Buna baxmayaraq, ölkədə qeydə alınmış çox sayda media qurumu silahlı qarşıdurmaya istinad sayına görə ABŞ-ı şərti reytinqdə ikinci yerə çıxarıb. Ölkədəki ən yüksək reytinqli nəşrlərin ("LexisNexis"ə görə birinci dərəcəli media qurumları) payı isə cəmi 3% təşkil edib.

"Amerika tərəfinin mövqeyi kifayət qədər təmkinlidir. Münaqişənin ilk günlərindən Vaşinqton tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarını davam etdirməyə çağırıb. Ancaq Rusiya balansı qorumağa çalışdığı halda, ABŞ mediası erməni tərəfinin mövqeyini daha çox əks etdirib. Bununla belə, münaqişənin yerli əhaliyə vurduğu ziyan və Rusiya ilə Türkiyənin bu konfliktlə bağlı mövqelərinə bərabər şəkildə yer ayrılıb", – deyə tədqiqat müəllifləri yazır.

Dünya mediası Dağlıq Qarabağ münaqişəsini necə işıqlandırıb

Amerika mediasında tez-tez Ermənistanla bağlı müsbət (8%) məqalələrə rast gəlindiyi halda, Azərbaycanla bağlı bir dənə də belə məqalə dərc olunmayıb. Münaqişə barədə çıxan xəbərlərin əksəriyyəti isə (təxminən 90%) bitərəf olub.

Hesabat müəllifləri fransız mediasının açıq-aşkar ermənipərəst mövqe tutduğunu bildiriblər. Təhlil olunan media hesabatlarının 42 faizində Azərbaycanın hərəkətləri ilə bağlı mənfi rəy və tənqid öz əksini tapıb. Bu ölkədə Dağlıq Qarabağla bağlı dərc olunmuş media materiallarının 58 faizi bitərəf xəbər kimi təsnif edilə bilər, ancaq Fransa mediasında praktik olaraq Ermənistana qarşı bir cümlə də tənqidi yazı getməyib.

Araşdırma müəlliflərinin fikrincə, Türkiyə mediası Azərbaycan tərəfini dəstəkləyir. Dərc olunmuş məqalələrin 47 faizində bu dəstək hiss olunub.

İngiltərə və Alman mediası münaqişəyə bitərəf yanaşıb. Çin mediası da, həmçinin təmkinli mövqe nümayiş etdirib. Bununla belə, araşdırma müəlliflərinin fikrincə, Çin mediası Rusiya Federasiyası və Türkiyənin münaqişə ilə bağlı əlaqəli fəaliyyətlərinə lazım olduğundan daha çox diqqət yetirilib.

Dünya mediası Dağlıq Qarabağ münaqişəsini necə işıqlandırıb

"Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi – həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd ölkə olan İran hökuməti hərbi konfliktin həllində vasitəçi olmağa hazır olduğunu bildirib. Bu ölkə hər şeydən əvvəl münaqişənin İran cəmiyyətinə yayılmasının qarşısını almağa çalışır. Çünki indi azərbaycanlılar İranın ən nüfuzlu milli azlıqlarından biridir", – deyə hesabatda bildirilir.

İran KİV-lərinin əksəriyyəti bitərəf mövqe nümayiş etdirib. Bu ölkədə çıxan xəbərlərin yalnız 9 faizində Ermənistan, 8 faizində isə Azərbaycan tənqid olunub.

İsrailin bir sıra media orqanları Qarabağdakı münaqişəyə bitərəf müşahidəçi kimi yanaşmağın mümkün olmadığını bildiriblər. Çünki bu ölkə Azərbaycanın strateji müttəfiqidir. Bununla belə, İsraildə dərc olunan qəzetlərin 62-63 faizi münaqişəyə neytral mövqe nümayiş etdirib.

Postsovet dövlətlərinin məsələyə yanaşması da böyük maraq doğurur. Bu məkanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının ən böyük tərəfdarı kimi Qazaxıstan çıxış edir. Gürcüstan KİV-ləri isə münaqişəyə neytral yanaşaraq, Ermənistanı da, Azərbaycanı da eyni dərəcədə (8 faiz) tənqid edib. Ümumilikdə bu ölkədə münaqişə ilə bağlı dərc olunmuş xəbərlərin 84 faizi bitərəf olub.

Ukrayna KİV-lərində isə Qarabağ tez-tez Donbasla müqayisə olunub. Ukrayna mediası 30 faiz hallarda Ermənistanı tənqid edib. Bu ölkədə dərc olunmuş xəbərlərin 31 faizində isə Azərbaycan dəstəklənib.