İQTİSADİYYAT

Ölkəmizə iki bəla birdən gəlib: sahibkarlar çıxış yolu axtarırlar

"Erməni təcavüzündən, pandemiyadan zərərçəkmişlər, əsasən də cəhbəyanı bölgələrdə iş adamları, fermerlər üçün kredit amnistiyasına və kredit siyasətinə ehtiyac var"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib. Sputnik Azərbaycan xəbər verir ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. Sahibkarlıq subyektlərindən dəymiş ziyan barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat vermələri xahiş olunur.

Bəs dəymiş ziyan necə və hansı formada kompensasiya edilə bilər?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq CəfərliSputnik Azərbaycan-a dəymiş ziyanın kompensasiya edilməsi məsələlərindən danışıb.

İqtisadçı deyib ki, bizdə aqrar sahədə sığorta işi güclü inkişaf etməyib: "Risklər çox olduğu üçün sığorta şirkətləri aqrar sahəyə maraq göstərmirlər. Ona görə də istənilən halda dəymiş ziyanın ödənilməsi ilə bağlı xüsusi dövlət proqramına və yaxud da xüsusi dövlət yanaşmasına ehtiyac yaranacaq. Yəni sığorta şirkətlərinin bu işdə iştirakı mümkün deyilsə, istər-istəməz dövlətin buna müdaxiləsinə və müəyyən proqramların qəbuluna ehtiyac var".

O bildirib ki, ilkin olaraq müstəqil komissiya tərəfindən dəymiş ziyan hesablanmalıdır: "Bundan sonra dəymiş ziyanın aradan qaldırılması üçün kompensasiyaların ödənilməsi mümkündür. Fermerlərə kompensasiya nağd puldan əlavə, kənd təsərrüfatı texnikası, gübrə, toxum, yanacaq və digər şəkildə də verilə bilər. Amma hər bir halda dövlətin xüsusi proqramına, yanaşmasına ehtiyac var. Çünki kənd təsərrüfatı sahəsində hansısa vergi güzəştinin tətbiqi effektsiz olacaq. Kənd təsərrüfatında, demək olar ki, vergi öhdəliyi, vergi yükü yox dərəcəsindədir".

O olmasın, bu olsun: fransız mallarına da əvəz tapılar

"Ona görə də onların gələcək fəaliyyətinə yönələn hansısa təşviqin, güzəştin olmasındansa, indi, bu gün güzəştlərin, təşviq və yaxud da dəstək proqramının olması daha yaxşı olardı. İlk növbədə Nazirlər Kabineti dəymiş ziyanın hesablanması ilə bağlı xüsusi komissiya yarada bilər. Dəymiş ziyanın kompensasiya edilməsi üçün dövlətin kifayət qədər imkanları var. Kompensasiya nağd pul və ya aqrar sahədə çalışanların maddi-texniki bazasının yaxşılaşdırılması formasında da ola bilər", - deyə o qeyd edib.

Ziyan çəkmiş sahibkarların kredit məsələsindən danışan ekspert bildirib ki, kreditlərlə bağlı geniş bir yanaşmaya ehtiyac yaranacaq: "Çünki əks-hücum əməliyyatları və münaqişə bölgəsindən əlavə, pandemiyadan da zərər çəkən sahələr var. Pandemiyadan zərərçəkən sahələrdə kreditlərin ödənilməsində problemlər yaşanır. Aqrar sahəyə isə xüsusi diqqət lazımdır. Çünki aqrar sahənin kreditləşməsi sənayenin və yaxud da kommersiya fəaliyyətinin kreditləşməsindən ciddi şəkildə fərqlənir. Kənd təsərrüfatında kreditləşmənin uzun müddətli və aşağı faizli olması vacibdir".

"Aqrar sektorda elə sahələr var ki, qoyulmuş sərmayələr bir neçə ildən sonra gəlirə çıxış imkanları yaradır. Və kreditlərin bu illər ərzində hesablanması əlavə yükdür və fermerlər, iş adamları bu yükün altına girmək istəmirlər. Ona görə də xüsusi bir kredit amnistiyası proqramının hazırlanmasına ehtiyac var. Erməni təcavüzündən, pandemiyadan zərərçəkmişlər, əsasən də cəhbəyanı bölgələrdə iş adamları, fermerlər üçün kredit amnistiyasına və kredit siyasətinə ehtiyac var. Bu kredit siyasəti də əsasən uzun müddətli və aşağı faizli kreditlərə hesablanmış siyasət olmalıdır", - deyə ekspert əlavə edib.

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək>>

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlara başlayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Ötən müddət ərzində cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər.

İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.10.2020-ci il tarixində "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilib. Belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ləğv edilib.

Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1.822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.

Vüsal Qasımlı: "Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək"

Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bu gün də sahibkarların yanındadır.

Qeyd edək ki, bundan başqa, KOBİA Ermənistanın hərbi təxribatından zərər çəkmiş sahibkarlarla görüşlərini davam etdirir.

Sahibkarların təsərrüfatlarına və biznes obyektlərinə dəymiş zərərlə yerində tanış olmaq, onların ehtiyaclarını öyrənmək, eləcə də zəruri və təxirəsalınmaz öhdəlikləri (kredit, vergi və s.) barədə məlumat əldə etmək üçün Dövlət Vergi Xidmətinin, KOBİA-nın məsul əməkdaşları Füzuli rayonunun Horadiz şəhərində və Beyləqan rayonunda olublar. Füzuli, Beyləqan və Ağcabədi rayonlarından olan sahibkarlarla görüşlər keçirilib. Bundan öncə isə Gəncə şəhərində və Bərdə rayonunda zərər çəkmiş sahibkarlarla görüş keçirilib, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olunub. Dəymiş zərərin yerində öyrənilməsi məqsədilə KOBİA nümayəndələri digər şəhər və rayonlara da səfər edəcəklər.

Azərbaycan dövləti həmişə olduğu kimi, bu gün də sahibkarın yanındadır. Odur ki, KOBİA bir daha Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlıq subyektlərindən bu barədə məlumat vermələrini xahiş edir. Bunun üçün sahibkarlıq subyektləri KOBİA-nın (012) 404 04 01 (daxili 187) və (055) 200 02 96 telefon nömrələri, info@smb.gov.az elektron poçt ünvanı və ya Agentliyin www.smb.gov.az saytının "Əlaqə" bölməsi vasitəsilə müraciət edə bilərlər.