İQTİSADİYYAT

Neft Fondunun aktivləri cüzi azalıb

ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlirləri 2 394 milyon manat təşkil edib
Sputnik

BAKI, 27 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 593,1 milyon manat, büdcə xərcləri isə 9 046,3 milyon manat təşkil edib.

Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsindən 6 235,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 445,5 milyon manat, bonus ödənişlərindən 767,8 milyon manat, akrhesabı ödənişlərdən 6,8 milyon manat, tranzitdən isə 15 milyon manat gəlir əldə edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 358 milyon manata bərabər olub.

ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlirləri isə 2 394 milyon manat təşkil edib.

Hesabat dövründə Fond 2020-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 8 852,5 milyon manat vəsait transfert edib, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 milyon manat, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 0,4 milyon manat yönəldib. Qurumun idarə edilməsi ilə bağlı xərcləri isə 14,9 milyon manata bərabər olub.

Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri 43 288,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0,1% azdır. Aktivlərin azalmasına səbəb koronavirus (COVID-19) pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi, Fondun büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.