CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür

"Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Koronavirusa yoluxma sayının artması ilə əlaqədar son günlər sosial şəbəkələrdə iş yerlərinin yenidən bağlanacağı, hətta bəzi ticarət müəssisələrinə bununla bağlı xəbərdarlıq edildiyi barədə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, ticarət obyektlərinin sahiblərinə yenidən onlayn satışa üstünlük vermələri tövsiyə olunub.

Koronavirus daha tez öldürməyə başlayıb

Sputnik Azərbaycan koronavirusa yoluxma sayının artmasının karantin qaydalarında hansı sərtləşmələrə səbəb olacağını araşdırıb. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsi gözləniləndir: "Koronavirusa yoluxma sayı yenidən artır. Bunun əsas səbəbi insanların karantin qaydalarına əməl etməməsidir. Ölkədə ticarət obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyət ona görə götürüldü ki, həmin dövrdə yoluxma azalmışdı. Bundan əlavə, ticarət obyektlərinin, restoranların fəaliyyətinə karantin qaydalarına əməl etmək şərtilə icazə verildi. İnsanlar isə çox təəssüf ki, bu qaydalara əməl etmirlər. Tibbi maska, gigiyena və sosial məsafə bəzən tamamilə unudulur. Hətta biz avtobusda maskadan istifadə etməyən sərnişinləri görürük. Karantin qaydalarının kobud şəkildə pozulması isə virusa yoluxma sayını hər gün artırır. Ona görə də yoluxma bu templə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi gözləniləndir".

Ə.Rüstəm deyir ki, həm bölgələrdə, həmçinin də paytaxtda koronavirusa yoluxmada artım müşahidə olunur. Bu isə insanların karantin qaydalarına əməl etməməsinin nəticəsidir: "Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar".

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da deyir ki, yoluxma sayının kəskin şəkildə artmasının başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir:

"Hələ şiddətli soyuqları görməmişik. Bu, birbaşa vətəndaşların qoruyucu tədbirlərə əməl etməməsi ilə bağlıdır. Odur ki, karantin qaydalarına əməl etməli, profilaktik tədbirləri yerinə yetirməliyik. Əks halda, tam təcridə gedə bilərik, karantin rejimi daha da sərtləşdirilə və iş yerləri yenidən bağlana bilər. Virusun yayılmasının səbəbi əhalinin etinasızlığıdır".

Qeyd edək ki, koronavirusa yoluxmada artım səbəbindən bəzi rayonlara giriş-çıxışa məhdudiyyət tətbiq edilib.

Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirdilər ki, respublika üzrə ən çox yoluxma yenə də paytaxtdadır. Amma buna baxmayaraq, rəqəmlər Bakıda yoluxma faizinin aşağı düşdüyünü göstərir. Belə ki, son rəqəmlərdə Bakıda yoluxma respublika üzrə ümumi yoluxmanın 56 faizini təşkil edirdisə, hazırda bu rəqəm 55,7 faizdir. Sonrakı yerlərdə 14,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,6 faizlə Gəncə-Qazax, 4 faizlə Lənkəran, 2,7 faizlə Şəki-Zaqatala, 2,4 faizlə Quba-Xaçmaz, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, ən az yoluxma 0,8 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycandakı koronaviruslu xəstələrin 0,9 faizi ölkə xaricində yoluxanlardır. Paytaxt daxilində ən çox yoluxma isə 14,5 faizlə Binəqədi rayonundadır. Sonrakı yerlərdə 12,6 faizlə Xətai, 11,7 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,7 faizlə Nəsimi, 8,1 faizlə Nərimanov, 7,9 faizlə Suraxanı, 7,2 faizlə Nizami, 7 faizlə Qaradağ, 5,7 Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb. TƏBİB koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.