İQTİSADİYYAT

Vüsal Qasımlı: "Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, işğal altında 250 min hektar, keçmiş təmas xəttinə yaxınlıqda olan istifadəsiz 120 min hektar ərazinin post-konflikt dövründə əkin dövriyyəsinə cəlbi imkanları var
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müzəffər yürüşü davam edir və Qarabağ işğaldan azad edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) post-konflikt dövründə Qarabağın iqtisadi perspektivləri ciddi şəkildə analiz olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İİTKM-in rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı Qarabağın sənaye potensialı barədə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Qarabağda dağ-mədən, metallurgiya, emal sənayesi, ərzaq istehsalı, elektrik enerjisi istehsalı, meşə sənayesi və kreativ sənayenin inkişafı imkanları var.

Vüsal Qasımlının fikrincə, Qarabağda sənayenin inkişaf potensialı böyükdür, resursların yenidən qiymətləndirilməsi nəticəsində daha dəqiq proqramımız olacaq: "Meşə sənayesinin və turizm industriyasının inkişafı üçün Kiçik Qafqazın dağlıq zonasının iri meşə massivi əhəmiyyətlidir. Regionun ümumi meşə sahəsi təxminən 246,7 min hektardır, o cümlədən 13,2 min hektar qiymətli meşə sahələridir. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42,3 min hektarı işğalda olub."

İşğala son qoyulduqdan sonra Qarabağın dağlıq və Aran hissələri sənaye istehsalı nöqteyi-nəzərindən inteqrasiya olunacaq – deyən V.Qasımlının fikrincə, Sovet dövründə Dağlıq Qarabağ Aran Qarabağla və Azərbaycanın digər iqtisadi rayonları ilə sıx iqtisadi əlaqədə inkişaf edib: "Bütün istiqamətlərdə keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlayıb. Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi. 1985-ci ildə Xankəndindəki İpək Kombinatına daxil olan barama xammalının cəmi 8%-i Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi iqtisadi əlaqələrin həcminin cəmi 0,3 %-i, idxalının isə 1,4 %-i Ermənistan SSR-in payına düşdüyü halda, keçmiş vilayətdə istehsal olunan məhsulun 33,3 faizi Azərbaycanın qalan ərazisində realizasiya olunurdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi vaxtilə birbaşa Azərbaycan dəmir və avtomobil yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sisteminə sıx bağlanmışdır. Xankəndindən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir. Bir sözlə, işğala qədər Qarabağ həmişə Azərbaycan iqtisadiyyatının bir parçası olaraq inkişaf edib".

V.Qasımlı sənaye sahələrindən danışarkən Qarabağın su resurslarından istifadə edərək elektrik enerjisinin istehsalı potensialına da toxunub: "Post-konflikt dövründə 50 MVt gücü olan Sərsəng və 280 MVt gücü olan Xudafərin SES-ləri, habelə irili-xırdalı digər elektrik generasiya gücləri birlikdə Qarabağın enerjiyə olan tələbatını ödəmək imkanına malik olacaqdır. Ümumilikdə isə bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin alternativ (bərpa olunan) enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir".

V.Qasımlının fikrincə, post-konflikt dövründə regionun sənaye rekreasiya imkanlarından da geniş istifadə ediləcəkdir: "Ehtimal edilir ki, Azərbaycanın mineral sularının 40 faizə qədəri işğal altında olub. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Digər ölçü ilə bu 7805 m3/gün mineral su təchizatı deməkdir. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma sənayesi yenidən canlandırıla bilər. Eyni yanaşmanı Şuşada Turşsu mineral bulağında da etmək mümkündür".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, işğal altında 250 min hektar, keçmiş təmas xəttinə yaxınlıqda olan istifadəsiz 120 min hektar ərazinin post-konflikt dövründə əkin dövriyyəsinə cəlbi imkanları var. V.Qasımlı hesab edir ki, bu da Qarabağda emal və ərzaq sənayesinin inkişafını əsaslandıracaq.

V.Qasımlı bildirib ki, Qarabağda dağ-mədən sənayesi və metallurgiyanın inkişafı potensialı böyükdür: "Əlbəttə, biz yenidən sənaye ehtiyatlarını qiymətləndirməliyik. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən, 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı və s. var. Təsəvvür edin ki, təkcə sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızılın dünya bazar qiyməti 8 milyard ABŞ dolları ətrafındadır. Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılıb. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ, Şahbulaq, Boyəhmədli və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovda yerləşir".

V.Qasımlı hesab edir ki, Qarabağ Azərbaycanın yaradıcı sənayesi üçün mərkəzə çevrilə bilər: "Musiqi, ədəbiyyat, sənətkarlıq, teatr, xalçaçılıq və digər kreativ industriyanı Qarabağda inkişaf etdirmək mümkündür".