BAKI, 27 oktyabr — Sputnik. Dünya Turizm Təşkilatı (DTT) bu ilin ilk səkkiz ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə dünyada turizm səfərlərinin sayının 70 faiz azaldığını və bu sahəyə dəyən maddi zərərin 730 milyard dollara çatdığını bildirib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, DTT bu ilin iyul ayında səyahətlərin keçən ilin iyul ayına nisbətən 81 faiz, avqust ayında isə 79 faiz azaldığını açıqlayıb. Bu ilin yanvar-avqust aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 700 milyon daha az səyahət qeydə alınıb. Bu sahəyə dəyən maddi ziyan isə 730 milyard dollara çatıb ki, bu da 2009-cu il böhranında qeydə alınan maliyyə itkisindən 8 dəfə çoxdur.
"Bu görünməmiş tənəzzül dramatik sosial-iqtisadi nəticələrə gətirib çıxarıb. Milyonlarla iş yeri və şirkət bağlanmaq təhlükəsi ilə üzləşib. Yaranmış vəziyyət turizmin təhlükəsiz, vaxtında və koordinasiyalı şəkildə bərpa edilməsinin vacibliyindən xəbər verir", – deyə DTT-nin rəhbəri Zurab Pololikaşvili bildirib.
Qeyd edək ki, koronavirus pandemiyası başlamazdan əvvəl, 2019-cu ildə DTT tərəfindən 1,5 milyard beynəlxalq turist səfəri qeydə alınmışdı.