CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük köçün astanasında - "Zəngilana qayıtmaq üçün yalnız bir şərtim var..."

"Hər şəraitimiz olsa da, bu dörd divar mənə qəfəs kimidir. Qəfəsdə quş necə çırpınırsa, mən də Şəfibəylim üçün elə çırpınıram".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Üç gündən sonra Zəngilandan məcburi köçkün düşdükləri günün ağrı-acısını bir daha yada salacaqdılar. Amma artıq o günlər arxada qaldı. 1993-cü il oktyabr ayının 29-da öz doğma yurd-yuvalarından didərgin düşən zəngilanlılar bu payız Zəngilanın işğaldan azad edilməsinin sevincini yaşayırlar. Elə bu səbəbdən də Zəngilandan düz 540 km uzaqda, Abşeron rayonunda salınan Zəngilan şəhərciyində bu gün tamamilə bayram əhval-ruhiyyəsi vardı. Necə deyərlər, Zəngilan şəhərciyinin sakinlərinin Zəngilan şəhərinə qovuşmasına sayılı günlər qalıb. 27 ildir ki, Vətən həsrəti çəkən Nəcibə nənənin də üzü gülür bu gün. Sputnik Azərbaycan-a müsahibəsində Nəcibə nənə deyir ki, prezident Zəngilanın işğaldan azad edildiyini elan edəndən az qalır qol qaldırıb oynasın: "Amma əhdim var, bu qollarım bir də ancaq Zəngilanda qalxacaq. Zəngilandan çıxan gündən oynamağı da unutmuşam".

Böyük köçün astanasında - "Zəngilana qayıtmaq üçün yalnız bir şərtim var..."

N.Məmmədova məcburi köçkün həyatının çox ağır keçdiyini söyləyir: "O günü unutmaq olmaz. Həyat yoldaşımı, qardaşımı itirdim köçkün düşən gündən. Uşaqlarımı çox çətinliklə böyüdüb boya-başa çatdırdım. Onları dolandırmaq üçün 4 yerdə işlədim. Mən çox çətin də olsa torpaqsız günlərə dözdüm. Amma yoldaşım Zəngilan deyə-deyə öldü. Biz Zəngilan işğal olunandan sonra Kürdəmirdə məskunlaşdıq. Gündüz çöldə, axşam evdə işləyirdim ki, balalarımı dolandırım. Sonra Bakıya gəldik. 2013-cü ildə bu qəsəbə salındı. 7 ildir ki, bu binada yaşayıram. Hər şəraitimiz olsa da, bu dörd divar mənə qəfəs kimidir. Qəfəsdə quş necə çırpınırsa, mən də Şəfibəylim üçün elə çırpınıram. 27 il öz torpağından ayrı qalmaq çox ağır dərddir. Orada ikimərtəbəli bir evim vardı ki, içində oğluma toy eləmişdim".

Hər il oktyabrın 29-nu ürək ağrısı ilə anan Nəcibə ana bu il həmin tarix çatmamış qələbə sevinci yaşadıqlarına görə Ali Baş Komandana və Ordumuza təşəkkürünü bildirir: "Mən müharibə başlayandan televizorun qabağından kənara durmuram. Yeməyimi də gətirib bax, bu otaqda televizorun qabağında yeyirəm. Neçə gün idi ki, prezidentin dilindən Zəngilan sözünü gözləyirdim. Prezidentimiz "Zəngilan bizimdir!" deyəndə gözümdən qeyri-ixtiyari yaş axdı. 80 yaşım var. Allahdan hər gün arzulayırdım ki, Zəngilanı bir də görməmiş canımı almasın. İndi axşamlar rahat yatıram. Bilirəm ki, ölsəm də öz torpağımda basdırılacam".

Böyük köçün astanasında - "Zəngilana qayıtmaq üçün yalnız bir şərtim var..."

N.Məmmədova deyir ki, Şəfibəyli kəndində evinin bir daşı belə qalmasa da orada yaşamağa hazırdır: "Torpaq dərdi elə böyük dərddir ki, onun acısını dillə demək, sözlə anlatmaq mümkün deyil. Mən Şəfibəylidə çadırda da yaşayaram. Təki torpağımıza qayıdaq".

Zəngilanın Qarğulu kənd sakini Qorxmaz Məmmədov isə Zəngilana qayıtmaq üçün günləri sayır: "Mən Ordumuza, Ali Baş Komandanımıza minnətdaram. Biz zəngilanlılar o torpağa qayıtdıqdan sonra prezidentimizə qızıldan büst qoyulmasını tələb edəcəyik. Çünki bizim yurd həsrətimizə Ordumuz və onun başında duran prezidentimiz son qoyub".

Qarğulu kəndini 35 yaşında tərk edən Q.Məmmədov Zəngilana qayıtmaq üçün yalnız bir şərtinin olduğunu söyləyir: "Mənim cənab prezidentimizdən son bir xahişim var. Zəngilana bizi bu icra başçısı və deputatla göndərməsin. Çünki məcburi köçkün düşəndən onlar bizim heç bir problemimizlə maraqlanmayıblar. Nə yardım gəlibsə, ancaq öz tanışlarına, qohumlarına paylayıblar. Zəngilanın icra başçısı Ramiz Həsənоv və deputatımız İmamverdi İsmayılovdan çox narazıyıq".

Nəsibə Məmmədova Tamam Əzimov isə Kənd Zəngilandandırlar. 7 ildir ki, Zəngilan şəhərciyində məskunlaşmış bu ağbirçəklər doğma torpaqlarına qayıtmağın sevincini belə paylaşdılar: "Zəngilan camaatı dünəndən qələbə sevincini bayram edir. Şəhidlərimizə görə bir gözümüz ağlayır, bir gözümüz gülür. Zəngilana qayıdan gün ilk gedəcəyimiz yer şəhid məzarlığı olacaq. Biz orada neçə-neçə şəhidimizi dəfn etmişik. Onların ruhu biz onları yad etdiyimiz gün şad olacaq. Ordumuza da, prezidentimizə də minnətdarıq. Bütün dualarımız onlar üçündür".

Zeynəb Əzimova isə Zəngilan şəhərciyindəki məktəbin 4-cü sinfində oxuyur. Zəngilan işğaldan azad olunandan əlindən bayraq düşməyən bu qız bayrağını Zəngilanda oxuyacağı məktəbin həyətindən asacağını bildirir: "Ona görə sevinirəm ki, mən də atamın oxuduğu məktəbdə, Zəngilanda məktəbə gedəcəyəm. Əsgərlərimizi çox sevirəm. Onlar bizim torpaqlarımızı işğaldan azad ediblər".

Böyük köçün astanasında - "Zəngilana qayıtmaq üçün yalnız bir şərtim var..."

Zəngilan şəhərciyində sakinlərlə söhbətləşdikdən sonra şəhərcikdəki Zəngilan Şəhər İcra Hakimiyyətində də olduq. İcra Hakimiyyətində bizə məlumat verildi ki, Abşeron rayonunda yerləşən Zəngilan şəhərciyinidə 380 ailə - 1928 nəfər zəngilanlı məskunlaşıb. Rayon işğal olunduqda 33667 nəfər əhalisi olan Zəngilanın hazırda əhalisinin sayı artaraq 42487 nəfərə çatıb. İndi bu şəhərcikdə yaşayan bütün zəngilanlıların bir istəyi var. O da şəhərcik salıb adını verdikləri Zəngilandan doğma torpağa, 27 ildir ki, həsrət qaldıqları Zəngilan şəhərinə qayıtmaqdır. O günə isə az qalıb...