QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"

"Yeni reallıqlar yaradılıb, siz də reallıqlarla razılaşmalısınız. Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır"
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. "Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edirdi. İlk növbədə Ermənistanı qane edirdi. Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? - Yoxdur. Bu, beynəlxalq cinayətdir. Cenevrə Konvensiyalarına ziddir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində bildirib: "Bir söz deyən var onlara ki, sən qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən? Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən. O cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu o deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən, gətir, bu torpaqları erməniləşdir, Azərbaycanın mədəni irsini sil. Yoxsa bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər, qane edirdi bu reallıq. Ona görə də Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil ki, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər.

Yeni reallıqlar yaradılıb, siz də reallıqlarla razılaşmalısınız. Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Biz öz torpaqlarımızı işğaldan azad etməyə başlayanda bizə təzyiq göstərirdilər. Hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs nə oldu? 28 ildir, süründürə-süründürə bu məsələni həll edirdiniz. Gəliş-gediş, orada görüş, yığılmışıq boğaza biz bu məsələlərdən. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar?"