BAKI, 26 oktyabr — Sputnik, Natalya Dembinskya. Vaşinqtonun Çinin texnologiya məhsullarına milli təhlükəsizliyə təhdid adı altında əngəl olduğu bir vaxtda Çin Xalq Respublikası (ÇXR) əsas "silah"ını yada salır: ABŞ dövlət istiqrazlarının trilyon dollarlıq portfelinin satılması həm dolların məzənnəsini, həm də qiymətli kağızlar bazarını yerlə-yeksan edə bilər. Bu, bütün dünya iqtisadiyyatı üçün son dərəcə təhlükəli ssenaridir. Pekinin bu işdə nə qədər uzağa gedə biləcəyi haqqında RİA Novostinin xüsusi materialında.
Texnologiya müharibəsi
Bu ilin yanvar ayında dünyanın iki nəhəng iqtisadi gücü ticarət müharibəsinin dayandırılması üçün addım atdı: ticarətin tədricən bərpa olunması üçün hazırlanmış müqavilənin I mərhələsini imzaladı. Ancaq COVID-19 pandemiyası hər şeyi alt-üst etdi. Vaşinqton Pekini koronavirusun yayılmasında günahlandıraraq maddi təzminat tələb etdi. Bundan başqa, amerikalılar Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdıqlarını bəyan edərək Çinə qəhmər durduğuna görə bu qurumu qınadılar.
ABŞ-da Prezident seçkisi yaxınlaşdıqca iki ölkə arasındakı gərginlik bir az da artır. Tramp yenə Çin şirkətlərinin ABŞ iqtisadiyyatına zərbə vurmasını yada salmağa başlayıb. Guya onlar istehsalı özlərinə tərəf "çəkməklə" texnoloji sirləri oğurlayıblar.
Avqust ayında Vaşinqton Pekini internet və sosial şəbəkələr vasitəsilə seçki kampaniyasına müdaxilədə ittiham etdi. Çanaq isə necə deyərlər, "TikTok"un başında çatladı. Ağ Evdən bəyan elədilər ki, bu proqram qadağan olunmalıdır, əks halda, ÇXR hökuməti həmin proqramdan istifadə edən Amerika vətəndaşlarının bütün məlumatlarını ələ keçirəcək.
"TikTok"un sahibi – Çinin "ByteDance" şirkətinin rəhbərliyi proqramı Amerika şirkətlərinə satmağa məcbur edilir və bu proses noyabrın 12-nə kimi başa çatmalıdır. Tramp, əks təqdirdə, "TikTok"un ABŞ-da qadağan olunacağını bəyan edib.
Pekinin buna necə reaksiya verəcəyi hələlik məlum deyil. Mütəxəssislərin fikrincə, Çin hökuməti "TikTok"u müdafiə etməyə çox da həvəs göstərməyəcək, çünki bu internet proqramını zərərli hesab edir. Hökumətin fikrincə, "TikTok" sosializm dəyərləri ilə üst-üstə düşməyən, Çin gənclərinin tərbiyəsini pozan "bayağı kontent" yaymaqla məşğuldur.
Ancaq Vaşinqton Çinin ən iri texnologiya şirkətlərindən biri olan "Huawei"yə də təzyiq göstərir. ABŞ artıq Pekini "milli təhlükəsizlik üçün təhlükə" yarada biləcək xarici şirkətlərə strateji materiallar və texnologiyaların ixracını qadağan etməklə hədələyib.
Ciddi söhbət
Rəsmi Pekin isə öz növbəsində xatırladıb ki, onun əlində daha ciddi təsir maxanizmləri mövcuddur. Söhbət bir trilyon dollarlıq ABŞ dövlət istiqrazlarından gedir. ABŞ-la ticarət müharibəsi səbəbindən Çin onsuz da sistematik olaraq bu qiymətli kağızlardan qurtulmağa başlamışdı.
Çinin ABŞ-ın dövlət borcuna investisiyası 2014-cü ilin noyabr ayındakı ən yüksək səviyyədən – 1,32 trilyon dollardan təxminən 200 milyard azalıb. Nəticədə, 2019-cu ilin iyun ayına qədər xarici xəzinədarlar arasında liderlik 1,12 trilyon dollarlıq yatırımla Yaponiyaya keçib.
ABŞ-ın Maliyyə Nazirliyinin son hesabatında da göstərildiyi kimi, sentyabr ayının ortalarında Çin portfeli 1,08 trilyona düşüb. Təkcə ilin ilk yarısında Pekin 106 milyard manatlıq istiqrazı əldən çıxardıb ki, bu da 2015-ci ildən bəri qeydə alınan ən sürətli satış tempi idi.
Ancaq söhbət yalnız iqtisadi qarşıdurmadan getmir. Çinin ABŞ dövlət borcundan qurtulmağa çalışmasının bir səbəbi dolların ucuzlaşması riskidir.
Və borc böyüməyə davam edir. Səkkiz ayda ABŞ 7,7 trilyon xəzinə istiqrazı buraxıb ki, bu da rekord göstərici idi. Başqa sözlə, iqtisadiyyat müstəsna olaraq borc yolu ilə dəstəklənir.
Pekin yaxşı başa düşür ki, Vaşinqton iqtisadi problemləri istiqrazların köməyi olmadan həll edə bilməz, bu səbəbdən Amerika dövlət borcuna sərmayə qoymaq son dərəcə risklidir.
Böyük satış
ABŞ ilə Çin arasındakı münaqişənin güclənməsi qorxuları da artırır: birdən Amerika iqtisadiyyatının ikinci böyük xarici kreditoru buna dözməz və xəzinə istiqrazlarının geniş miqyaslı satışını təşkil edər. Bu addımın nəticəsi isə fəlakətli ola bilər. Qiymətli kağızların kütləvi satışı bazarda çaxnaşmaya səbəb olar.
Ancaq bu Çinin özünə də sərfəli deyil. Birincisi, 100-200 milyardlıq istiqrazın qısa bir müddətdə satışı, qaçılmaz olaraq qiymətləri aşağı salacaq. Bu vəziyyətdə ucuzlaşan qiymətli kağızların satışından əldə olunan gəlirlər kimi Çinin özünün xarici aktivlərinin və ehtiyatlarının dəyəri də aşağı düşəcək. Üstəlik dollar da dəyərdən düşəcək ki, bu da Çinin xeyrinə deyil. Zəifləmiş ABŞ valyutası Çin ixracatını daha da bahalaşdıracaq.
Özü də problemlər yalnız Çinlə məhdudlaşmayacaq. Amerikan istiqrazlar piramidasını dağıtmaq bütün dünyanı maliyyə xaosuna salmaq deməkdir ki, 1998 və ya 2008-ci illərin iqtisadi böhranları bunun yanında uşaq oyuncağına bənzəyə bilər. "Odur ki, yaxın gələcəkdə buna bənzər bir şeyin baş vermə ehtimalı azdır ", – deyə "Chatex" kriptovalyuta bankının rəhbəri Maykl Ros Conson bildirib.
Bütün bu səbəblərdən, böyük ehtimalla, dollardan və istiqrazlardan imtina mərhələli şəkildə baş verəcək. Çinin məşhur iqtisadçılarından olan Şanxay Maliyyə və İqtisadiyyat Universitetinin professoru Si Tszyunyanın fikrincə, Pekin "hadisələrin normal gedişində" ABŞ-ın xəzinə istiqrazlarını "mərhələli şəkildə" təqribən 800 milyard dollara qədər azaldacaq. Bununla birlikdə, məsələn, hərbi münaqişə vəziyyəti yaranarsa, başqa variantlar da istisna olunmur.