QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin köməkçisi: "Məsuliyyət Ermənistanın üzərinə düşür"

"Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir".
Sputnik

BAKI, 26 oktyabr - Sputnik. "Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar. Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu:

"18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozub.

Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir".

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir:

"Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir.

Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür".

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.