QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Ermənistan ərazisinə keçmək fikrimiz olsaydı, bunu çoxdan edərdik"

Ali Baş Komandan: "Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur".
Sputnik

BAKI, 25 oktyabr - Sputnik. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

"Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Ermənistan ərazisinə keçməyib:

"Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil".

Xatırladaq ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.