SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq və sülh sərhədi olaraq qalacaq"

Ötən gün Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. "Cənab Prezident, Azərbaycanla İran arasındakı təqribən 760 km-lik ümumi sərhəd pis niyyətli insanların iştirakı və müdaxiləsi olmadan həmişəlik iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" hesabında yazıb.

Musəvi, həmçinin vurğulayıb ki, iranlılar müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinirlər.

Qeyd edək ki, ötən gün Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və İran xalqını təbrik edib.