BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin S-400 zenit-raket komplekslərini sınaqdan keçirilmk üçün ABŞ-dan icazə almaq fikri yoxdur. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbər görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
"Bəli, Sinopda sınaqlar keçirilib, keçirilir. Bizim bununla bağlı ABŞ-dan icazə almaq fikrimiz yoxdur. Deməli, cənablar burada (Türkiyədə – red.) Rusiyaya məxsus silahların mövcudluğundan narahatdırlar. Amma bizim fikrimiz qətidir və planlaşdırdığımız kimi hərəkət edəcəyik", – deyə Ərdoğan bildirib.
Bir qədər bundan əvvəl ABŞ Dövlət Departamenti nümayəndəsi Morqan Ortaqus bildirmişdi ki, əgər Türkiyənin Rusiyaya məxsus S-400 hava müdafiə sistemlərini sınaqdan keçirdiyi barədə xəbər öz təsdiqini tapsa, ABŞ bu addımı kəskin şəkildə qınayacaq.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, NAVTEX – beynəlxalq bildirişində oktyabrın 13-dən 17-ə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.
Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın F-35 qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.