Prezident: Erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, türkiyəli qonağı bu barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: "Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar".

Prezident vurğulayıb ki, Gəncəyə iki namərd hücum və şəhərin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir.

"Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq", - deyə dövlətimizin başçısı vurğulayıb.