QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb

Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması diqqətə çatdırılıb
Sputnik

BAKI, 22 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün bu gün növbəti brifinq verilib.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.