İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 21 oktyabr — Sputnik. Dövlət Təhlükəsizlik Xidməti erməni terroru barədə xəbərdarlıq edib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olan məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər.
Rəsmi Bakı xaricdəki diplomatların erməni terrorundan qorunması üçün müraciət göndərəcək>>
Vətəndaşlar terror hadisələrindən qorunmaq üçün nə etməlidirlər?
Sputnik Azərbaycan bu məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevlə danışıb.
O bildirib ki, hərbi vəziyyət dövründə insanların davranışı, hərəkətləri, təhlükə riski olduqda nələrə diqqət etmələri, şübhəli əşya, yaxud insanlar gördükdə necə rəftar etməli olduğuna dair ilkin biliklərə sahib olması çox önəmlidir.
"Hər gün mətbuatı izləməklə gündəlik xəbərlərdən məlumatlı olmaq lazımdır. Bu, insanları yalan informasiyanın təsirinə düşməkdən qoruyar. Ciddi zərurət yoxdursa, hər hansı bir yerə səfər etmək, bir yerdə toplaşmaq olmaz. Bu həm yollarda nəqliyyatın sıxlığına, həm də mövcud pandemiya ilə əlaqədar olaraq virusun geniş bir miqyasda yayılmasına səbəb ola bilər", - deyən ekspert bildirib ki, bu dövr üçün informasiya təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır.
Bu səbəbdən də ekspert tanımadığınız şəxslərlə, xüsusən də sosial şəbəkələrdə hər hansı informasiyanı bölüşməyi tövsiyə etmir.
"Strateji yerlərdə işləyən şəxslər öz iş yerlərində foto və video çəkib sosial şəbəkələrdə və digər internet platformalarında paylaşmamalı, xarici ölkənin jurnalistləri, blogerlərinin keçirdiyi sorğuda iştirak etmək təklifi olarsa, diqqətli olmalı, hərbi məlumatları bölüşməməlidirlər", - deyən E.Nurəliyev bildirib ki, tanımadığınız şəxslər sizə yaxınlaşaraq hər hansı dövlət qurumunun yerini, hər hansı strateji obyektin ünvanını soruşduğu və yaxud qonaq olduğunu bildirib sizin adınıza mobil nömrə qeydiyyata almaq kimi təkliflər etdikdə diqqətli yanaşmaq, dərhal hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır.
Mütəxəssis bildirir ki, insanlar hər zaman olduğundan daha ayıq-sayıq davranmalı, şübhəli əşya, qurğu və çanta gördükdə toxunmamalı, digər şəxslərin də toxunmamasını təmin etməli və hüquq mühafizə orqanlarına məlumat verməlidirlər.
"Həmçinin özünü şübhəli aparan insanlar gördükdə onların üz cizgilərini, əlində, üzündə olan xal, ləkəni yadda saxlamalı, geyiminə və üzərində olan aksesuarlara diqqət etməlidirlər", - deyən ekpert bildirib ki, komendant saatının tələbinə ciddi riayət etmək lazımdır.
Onun sözlərinə görə, insanlar şayiələrə, rəsmi olmayan xəbərlərə inanmamalı, onları sosial şəbəkələrdə paylaşmamamlı, hərbi məlumatları ancaq rəsmi mənbələrdən almalıdırlar.
Bununla yanaşı, hərbi texnikaların, hərbçilərin foto və videosunu paylaşmamalı, komendant saatının tələblərinə əməl etməlidirlər.