İQTİSADİYYAT

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.