BAKI, 20 oktyabr — Sputnik. Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbiri olaraq 27.09.2020-ci il tarixindən qaz təchizatı dayandırılan Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində bu gün baş vermiş fəsadların ləğvi ilə bağlı təmir-bərpa işlərinə başlanılacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Qeyd olunur ki, oktyabrın 17-də düşmənin raket zərbələrinə məruz qoyduğu Gəncə şəhərindəki ərazilərdə də qaz təchizatının bərpa işləri aparılır. Xatırladaq ki, ümumilikdə 150 abonentin qazla təminatı məhdudlaşdırılmışdı. Hazırda 100 abonentdən 88-nin qaz təchizatı bərpa edilib, qalan 12 abonentdən 5-nin fərdi yaşayış evləri tamamilə dağılıb, ünvan yoxdur, 7 abonentin fərdi yaşayış evlərinin isə konstruktiv elementləri yararsız vəziyyətə düşüb. Yerdə qalan 50 abonentin qazla təminatı məsələləri bu gün nəzərdən keçiriləcək. İlkin mərhələdə məlum olub ki, bu 50 abonentdən 4-nün fərdi yaşayış evi tamamilə dağılıb və artıq ünvan yoxdur.
Tərtər rayonu üzrə 30 kəndin (6316 abonent) qaz təchizatı bərpa edilib, Tərtər şəhəri və 21 kənddə isə hələlik məhdudiyyət qalmaqdadır. Ağcabədi rayonu üzrə 25 yaşayış məntəqəsi, Ağdam rayonu üzrə isə 14 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Yerdə qalanlarında təhlükəsizlik tədbirləri və ya təmir-bərpa işlərinin hələlik aparılması mümkün olmadığından məhdudiyyət tətbiq edilib.
Onu da qeyd edək ki, Füzuli, Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin olunur.