QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mustafa Şentop: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır

"Moskvada humanitar atəşkəs razılaşması əldə ediləndən sonra quldur Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmağa başladı. Ermənistan bütün region üçün təhlükə mənbəyidir".
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. "Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan dostluq və qardaşlıq münasibətləri mövcuddur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop oktyabrın 20-də Milli Məclisin iclasındakı çıxışında deyib.

Mustafa Şentop qeyd edib ki, illərdən bəri işğal edilmiş torpaqlardan geri çəkilməyən, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan böyük təhlükədir: "Moskvada humanitar atəşkəs razılaşması əldə ediləndən sonra quldur Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmağa başladı. Ermənistan bütün region üçün təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyət quldur Ermənistanı dayandırmalıdır".

O bildirib ki, regionda sülhün və sabitliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır: "BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. Minsk Qrupu münaqişənin tənzimlənməsi üçün heç bir iradə göstərməyib".

TBMM-in Sədri bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı, lakin gözləmədiyi bir vəziyyətlə üzləşdi: "Qəhrəman Azərbaycan Ordusu torpaqların işğaldan azad edilməsi əməliyyatına başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırsalar da, Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad edir. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz. Türkiyə sona qədər Azərbaycanın yanındadır".