QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilan şəhəri 27 il sonra - quş uçuşundan

Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb: Zəngilanın təbiəti, tarixi abidələri ermənilər tərəfindən məhv edilib.
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. "Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüntü peyk operatorunun Facebook səhifəsində dərc olunub. "Azərkosmos" bu barədə yazıb:

"Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verdi. Zəngilan şəhəri 27 ildən sonra düşmənin işğalından azad olundu. Zəngilan şəhərinin "Azersky" peykindən bu gün çəkilmiş təsvirini sizinlə bölüşürük. Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib".

"Azərkosmos" həmçinin qeyd edib ki, Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır. Bu gün ölkəmizin uğurlu siyasəti və qüdrətli ordusu illərdir səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azad olunması xəbərləri ilə xalqımızı sevindirir, tezliklə tam qələbə çalmağımıza inamımızı daha da artırır.

Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!