BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan əsilli rusiyalı bloger Fəridə Əliyeva Gəncənin raket hücumundan zərər çəkmiş sakinləri üçün üç milyon rubldan (65 min manat) çox vəsait toplayıb.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, F.Əliyeva oktyabrın 17-də gecə saatlarında Ermənistan ərazisindən açılan raket atəşinə məruz qalmış Gəncə sakinlərinə yardım etmək məqsədilə "Instagram" hesabından öz həmvətənlərinə və izləyicilərinə çağırış edib.
"Mən bütün dostlarıma və heç tanımadığım insanlara minnətdarlığımı bildirmək istəyirəm. Onlar cəmi bir neçə gün ərzində böyük məbləğdə vəsait toplamağıma kömək etdilər. Yığılan pullar Azərbaycana göndəriləcək. Bu pulu mənə ən müxtəlif ölkələrdə yaşasalar da daim Azərbaycanla nəfəs alan, Vətəndə baş verənlərə biganə qalmayan insanlar göndəriblər. Vəsaitin toplanması bu gün başa çatacaq", – deyə bloger bildirib.
İndiyə kimi üç milyon rubl vəsait topladığını deyən F.Əliyeva ümid edir ki, gün ərzində bu məbləğ bir az da artacaq.
Qeyd edək ki, Fəridə Əliyeva ən məşhur rusiyalı blogerlərin siyahısına daxildir. "Instagram"da onu 1,4 milyon nəfərdən çox insan izləyir.