QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qazaxıstan Gəncənin atəşə tutulması və əhalinin qətlə yetirilməsini qınadı

Qazaxıstan səfiri: "Bir daha münaqişənin sülh yolu, beynəlxalq hüquq prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bundan əvvəl qəbul olunan BMT Təhlükəsizlik Şurasının Qətnamələrinə uyğun olaraq həll edilməsinin vacibliyini təsdiqləyirəm".
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. "Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını və günahsız uşaqlar da daxil olmaqla dinc əhalinin qətlə yetirilməsini ciddi şəkildə qınayıram".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

"Regionda sülhə və stabilliyə təhdid olan Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin davam edən gərginləşməsi ilə əlaqədar ciddi narahatlığımı ifadə edirəm. Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri nəzərə alaraq, dinc şəhərlərin, sakinlərin və mülki obyektlərin atəşə tutulması qeyri-insani və yolverilməzdir. Bununla əlaqədar olaraq, Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını və günahsız uşaqlar da daxil olmaqla dinc əhalinin qətlə yetirilməsini ciddi şəkildə qınayıram. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı verirəm, yaralananlara tezliklə sağalmasını diləyirəm", - deyə səfir bildirib.

Səfir qeyd edib ki, Qazaxıstanın münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməzdir: "Bir daha münaqişənin sülh yolu, beynəlxalq hüquq prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bundan əvvəl qəbul olunan BMT Təhlükəsizlik Şurasının Qətnamələrinə uyğun olaraq həll edilməsinin vacibliyini təsdiqləyirəm".