BAKI, 20 oktyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyinin hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə yaydığı xəbər cəfəngiyatdır və hətta şərhə belə ehtiyacı yoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
O bildirib ki, bu, erməni cəmiyyətində hökm sürən qorxunu qismən azaltmağa hesablanmış dezinformasiyadır.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Twitter hesabında Azərbaycanın guya cənub istiqamətində ağır itkilər verərək, Xudafərin Su Anbarına doğru geri çəkildiyini yazıb. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan SQ-nin belə bir imkana malik olmadığını bildirib.