BAKI, 19 oktyabr - Sputnik. "Ermənistan tərəfi humanitar atəşkəsdən öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Univsersitetində diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub: "Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin "SU-25" təyyarəsini məhv edib. Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni tərəfinin hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbiləşməsini göstərdi".