ELM

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub
Sputnik

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.