QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat

"Mən gözüyumulu olaraq öz kəndimizi gedib tapa bilərəm. Kəndimiz daimi olaraq mənim beynimdədir. 27 ildə dəfələrlə yuxuda öz kəndimizdə olduğumu görmüşəm"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Gəncədə baş verən terror aktından sonra Ali Baş Komandan İlham Əliyevin Füzuli şəhərinin və bir neçə kəndinin işğaldan azad olunması xəbəri Azərbaycan xalqının sevincinə səbəb olub. Füzulidən olan ziyalı Vüqar Bayramov şəhərin işğaldan azad olunması xəbərini Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşüb.

Milli Məclisin deputatı, Füzuli rayonu Aşağı Güzlək sakini Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bir gözünün ağladığını, bir gözünün güldüyünü söyləyib: "Gəncədə baş verən terror hadisəsindən sonra bu xoş xəbərin açıqlanması yaramıza su səpdi. Bu hadisədən sonra bir gözümüz ağlayır, bir gözümüz gülür.

Çox təəssüf ki, Gəncədə uşaqlar daxil olmaqla mülkü sakinlərin öz həyatlarını itirməsini müşahidə etdik. Bununla yanaşı, Füzuli şəhəri və bir neçə kəndi işğaldan azad edilib. Bu gün Füzulinin tarixində ən şanlı günlərdən biridir. Bu, Füzulinin bütövləşməsi və işğaldan tam azad olunması anlamına gəlir. Bir tərəfdən, ürəkdə qüssə var, bir tərəfdən sevinc. Qüssəmiz keçmişdə qalsın, sevincimiz əbədi olsun. Mən Füzulinin Aşağı Güzlək kəndindən olsam da, Füzulidə təhsil almışam".

V.Bayramov doğulduğu kəndi tez-tez yuxusunda gördüyünü söyləyir: "Mən gözüyumulu olaraq öz kəndimizi gedib tapa bilərəm. Kəndimiz daimi olaraq mənim beynimdədir. 27 ildə dəfələrlə yuxuda öz kəndimizdə olduğumu görmüşəm. Biz Füzuli işğal olunan vaxt Bakıda oxusaq da, anam, balaca qardaşım 1993-cü ildə evimizi məcburi tərk ediblər. Artıq Füzuli sakinləri öz torpağına geri dönəcəklər. 27 il sonra öz yurdumuza qovuşacağıq. Allah Ordumuza güc versin, şəhidlərimizə rəhmət eləsin".