BAKI, 17 oktyabr - Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyi Gəncəyə Ermənistandan raket atılmasına münasibət bildirib.
Sputnik Azərbaycan bildirir ki, Xocalı soyqırımı və oktyabrın 17-də Gəncə hücumundan şəkilləri sosial şəbəkədə paylaşan nazirlik bu vəhşətə görə susmayacaqlarını bildirib.
"Bəlkə, siz bu fotonu ilk dəfə görürsünüz, amma azərbaycanlılar 30 ildir eyni şəkillə yaşayırlar. 30 il əvvəl Xocalıda körpələri öldürən ermənilər öz əməllərini davam etdirirlər. Əgər bunu görüb susmağı üstünlük verənlər varsa, o zaman sussunlar. Amma biz susmayacağıq!" - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.
Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.